» » Praqa görüşü ölkəmizin növbəti diplomatik uğurudur


Praqa görüşü ölkəmizin növbəti diplomatik uğurudur


Prezident İlham Əliyev  oktyabrın 6-da Praqada Avropa Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın Baş Naziri ilə Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına dair keçirilən dördtərəfli görüşdə tarixi imza atdı.

Dövlət başçısının Praqaya səfəri kifayət qədər uğurlu olmaqla yanaşı, ölkəmizin artan və ədalətli mövqeyini prinsipial olaraq ortaya qoydu. Həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqlədi ki, ölkəmizin ədalətli mövqeyi dünya birliyi tərəfindən qəbul olunur və Ermənistanın sülh öhdəliklərini yerinə yetirməkdən başqa yolu yoxdur. 

 Bu görüşün Bakının maraqlarına uyğun keçdiyini İlham Əliyevin dördtərəfli toplantıdan sonra Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı sülh prosesi barədə səsləndirdiyi fikirlərdən də aydın görmək olur.

Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə - enerji, nəqliyyat, ticarət və s. uğurla əməkdaşlıq edir. Əməkdaşlığın önəmli istiqamətlərindən biri də məhz siyasi dialoqdur. Ermənistanla münasibətlərin normallaşması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda Avropa İttifaqının səylərini və töhfəsini yüksək qiymətləndirmək lazımdır. Praqa görüşü də bu istiqamətdə görülən işlərin davamıdır. Praqada əsas diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlardır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə keçirilən görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub.

Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə, Azərbaycan isə bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bu missiya işinin oktyabrda başlayıb, 2 ay müddətinə başa çatması nəzərdə tutulur. Görüşdə Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıdığını və Prezident İlham Əliyevin sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərin əksəriyyətini qəbul etdiyini bildirdi.

Digər məsələlərin həlli hər iki dövlətin xarici işlər nazirlərinin, eləcə də ölkə rəhbərlərinin növbəti görüşlərində müzakirə olunacaq. Bu, Azərbaycanın daha bir diplomatik uğuru idi.

Ümid edirik ki, Ermənistan fikirlərinin üzərində duracaq, danışıqlar prosesinin nəticələrinə və imzalanan sənədlərə, üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq sülh müqaviləsinin imzalanması istiqamətində əməli addım atacaq. Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsində və iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Bu istiqamətdə Ermənistandan da eyni münsaibəti və adekvat addımları gözləyir.

Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır! Məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir.  
   
Samir Ağayev 
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR