Geri qayıt Çap et

Biləsuvarlı şagird 3 aya 9 medal qazandı – ABŞ-a gedir

Biləsuvar şəhər 4 saylı tam orta məktəbin şagirdi Ruhullayeva Ümmügülsüm Nasir qızı son 3 ay ərzində qazandığı möhtəşəm nailiyyətlərlə diqqət mərkəzinə düşüb.

Məktəbin direktoru Elşən Ağazadənin “Biləsuvarinfo”ya bildirdiyinə görə, Ümmügülsüm qısa müddətdə 9 medal qazanaraq həm məktəbin, həm də Azərbaycanın adını beynəlxalq səviyyədə layiqincə təmsil edib. Onun uğurları arasında beynəlxalq və respublika səviyyəli nüfuzlu olimpiadalarda əldə etdiyi yüksək nəticələr xüsusi yer tutur.
Belə ki, o, Beynəlxalq Mathxcel Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq final mərhələsində iştirak etmək üçün ABŞ-ın Los-Anceles şəhərinə vəsiqə əldə edib. Eyni zamanda, Lütfizadə adına Fuzzy Riyaziyyat Olimpiadası və Riyaziyyat-Məntiq Olimpiadasında qızıl medala layiq görülüb, sonuncuda 100 faiz nəticə göstərib.
Bundan başqa, Elm və Təhsil İnstitutunun keçirdiyi riyaziyyat olimpiadasında da 100 faiz nəticə ilə qızıl medal və planşet mükafatı qazanıb. Paskal və FISO riyaziyyat olimpiadalarında gümüş, Kopernik riyaziyyat olimpiadasında isə bürünc medal əldə edib.
E. Ağazadə vurğulayıb ki, bu nəticələr Ümmügülsümün zəhmətinin, güclü iradəsinin və elmə olan sevgisinin bariz nümunəsidir. Onun sözlərinə görə, istedadlı şagird hazırda öz biliklərini daha geniş auditoriya ilə bölüşmək məqsədilə kitab çap etdirməyə də hazırlaşır.
Məktəb rəhbərliyini şagirdi, müəllimlərini və onun valideynlərini  təbrik edərək, Ümmügülsümə gələcək təhsil həyatında daha böyük uğurlar arzulayıb.