Geri qayıt Çap et

67 yaşlı məktəbin bağlanacağı xəbəri kənd sakinlərini narahat edir

Biləsuvar rayonunun Günəşli kənd sakinləri kənddə fəaliyyət göstərən məktəbin bağlanacağı ilə bağlı narahat olduqlarını bildirir. Sakinlərin sözlərinə görə, 1959-cu ildə yaradılmış və hazırda Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən təhsil ocağının fəaliyyətinin dayandırılması və ya başqa məktəblə birləşdirilməsi ilə bağlı məlumat verilib.

“Bileuvarinfo”ya ünvanladıqları şikayət məktubunda kənd sakinləri qeyd edirlər ki, məktəb fəaliyyətə başlayanda kənddə əhali sayı indiki ilə müqayisədə xeyli az olub. Hazırda isə kənd böyüyüb və inkişaf edib. Məktəbdə 210 şagird təhsil alır. Məktəb I Qarabağ müharibəsi şəhidi Fazil Hökməliyevin adını daşıyır və kənd üçün xüsusi mənəvi əhəmiyyətə malikdir.
Onların sözlərinə görə, məktəbin qonşu Ağayrı kənd tam orta məktəbi ilə birləşdirilməsi nəzərdə tutulur.
“Bu hal övladlarımızın, xüsusilə qızların təhsildən yayınmalarına gətirib çıxara bilər. Belə olacağı təqdirdə uşaqların təhsil üçün uzaq məsafə qət etməsi zərurəti yaranacaq və bu da əlavə çətinliklərə səbəb olacaq.”, – deyə sakinlər bildiriblər.
Şikayətçilər qeyd edirlər ki, Ağayrı kəndində artıq iki məktəb fəaliyyət göstərir: həm tam orta məktəb, həm də ümumi orta məktəb. Buna baxmayaraq, əhalisi daha çox olan Günəşli kəndində yeganə məktəbin bağlanması barədə məlumatın yayılması kənd sakinlərini ciddi narahat edir.
“Bu sual kənd sakinlərini ciddi narahat edir. Məktəbimiz həm də şəhidimizin adını daşıyır. Bu hal ‘Qəhrəmanlar kəndi’ adlandırılan Günəşli kəndinə qarşı hörmətsizlik kimi qiymətləndirilir”, – deyə müraciətdə qeyd olunur.
Məsələ ilə bağlı Salyan-Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Idarədən bildirilib ki, məktəbin bağlanılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.