Geri qayıt Çap et

Gələcəyini bu gün quran şagirdlər – İsmətli məktəbinin təcrübəsi

Ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri şagirdlərin erkən yaşlardan əmək bazarının tələblərinə uyğun hazırlanması, onların yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktik bacarıqlarla təmin olunmasıdır. Bu baxımdan peşə təmayüllü siniflərin yaradılması müasir təhsil siyasətinin əsas prioritetlərindəndir. Bu siniflər şagirdlərin gələcək həyat və peşə yolunu daha şüurlu və məqsədyönlü şəkildə seçmələrinə geniş imkanlar yaradır.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektoru üzrə hazırda 10 məktəbdə peşə təmayüllü sinif fəaliyyət göstərir. Bu məktəblər arasında ilk təşəbbüskar təhsil ocaqlarından biri Xanlar Qafarov adına İsmətli kənd tam orta ümumtəhsil məktəbidir. Hazırda məktəbdə 2 sinif üzrə 4 qrupda ümumilikdə 38 şagird dərzi, aşpaz, dülgər və mebelquraşdırma usta köməkçisi ixtisasları üzrə təhsil alır.
Fəaliyyətə başladığı ilk tədris ilindən etibarən peşə təmayüllü siniflərin şagirdləri müxtəlif sərgi-satış yarmarkalarında, hind quşu festivallarında, ekskursiya və infoturlarda fəal iştirak ediblər. Bununla yanaşı, şagirdlər YouthStart şəxsi inkişaf proqramı çərçivəsində təlimlərə, karyera quruculuğu istiqamətində seminar və görüşlərə, eləcə də müxtəlif sosial layihələrə cəlb olunublar.
Bu sinifləri bitirmiş məzunların bir qismi hazırda müxtəlif peşə təhsil mərkəzlərində təhsilini davam etdirir, digərləri isə əldə etdikləri ixtisaslar üzrə əmək fəaliyyətinə başlayaraq cəmiyyətə inteqrasiya olunublar.
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər ümumi tədris proqramı ilə yanaşı, müxtəlif peşə istiqamətləri üzrə ilkin bilik və bacarıqlara yiyələnir, nəzəri biliklərini praktik məşğələlər vasitəsilə möhkəmləndirirlər. Bu isə onların əmək vərdişlərinin formalaşmasına, məsuliyyət hissinin artmasına və müstəqil qərarvermə bacarıqlarının inkişafına xidmət edir.
Tədrisin təşkili zamanı şagirdlərin maraq və meyilləri, həmçinin bölgənin sosial-iqtisadi xüsusiyyətləri əsas götürülür. Təlim prosesi müasir metod və vasitələr əsasında qurulur, müəllimlər tərəfindən hər bir şagirdin fərdi inkişafına xüsusi diqqət yetirilir.
Peşə təmayüllü siniflərin fəaliyyəti təkcə peşə seçiminə deyil, eyni zamanda şagirdlərin dünyagörüşünün genişlənməsinə, əmək mədəniyyətinin formalaşmasına və gələcək təhsil pillələrinə daha hazırlıqlı şəkildə addım atmalarına imkan yaradır. Burada qazanılan bacarıqlar şagirdlərin həm orta ixtisas, həm də ali təhsil müəssisələrinə hazırlığında mühüm rol oynayır. Bu siniflərdə təhsil alan şagirdlər yalnız bu gün üçün deyil, sabah üçün hazırlanırlar. Gələcəyini bu gün quran şagirdlər peşə təmayüllü siniflərdə əmək bacarıqlarına yiyələnir, məsuliyyət hissini dərk edir, öz gücünə inanmağı və müstəqil qərar verməyi öyrənirlər. Məktəbdə əldə olunan bu təcrübə onların həm peşə seçimində, həm də həyat yolunda daha inamlı addımlar atmasına şərait yaradır.
İsmətli kənd tam orta ümumtəhsil məktəbində peşə təmayüllü siniflərin fəaliyyəti bir daha göstərir ki, təhsil yalnız bilik ötürmək deyil, eyni zamanda şəxsiyyət formalaşdırmaq, gəncləri cəmiyyətin fəal və faydalı üzvləri kimi yetişdirmək missiyasını daşıyır. Bu istiqamətdə atılan addımlar kənd məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin gələcək uğurlarına etibarlı zəmin yaradır.

İsmayıl Ağacanlı,
Biləsuvar rayon İsmətli kənd tam orta ümumtəhsil məktəbinin
peşə təmayüllü siniflərinin qrup rəhbəri