Geri qayıt Çap et

Bu gözəllik hər məktəbdə varmı?

Son illər ölkədə təhsil infrastrukturu sahəsində mühüm dəyişikliklər baş verib. Dövlət vəsaiti hesabına yüzlərlə məktəb binası yenidən qurulub, əsaslı təmir edilib, müasir standartlara uyğun tədris mühiti yaradılıb. Ancaq məsələ təkcə divarların təzələnməsi, dam örtüyünün dəyişdirilməsi ilə bitirmi?


Əsas sual buradan başlayır: bu məktəblər sonradan necə qorunur? Yeni yaradılan şəraitə münasibət hansı səviyyədədir? Məktəb həyətləri, ətraf mühit, yaşıllıqlar kimlərin diqqət mərkəzindədir – yalnız dövlətin, yoxsa həm də məktəb rəhbərliyinin?

Biləsuvar rayonunun Ağalıkənd kənd tam orta məktəbi bu suallara praktik cavab verən nadir nümunələrdəndir. Burada məktəbin həyəti illərdir sadəcə boş ərazi deyil, qorunan və yaşadılan bir məkandır. Son 6 ildə salınan yaşıllıq zolaqları bu gün də baxımlıdır. 150-yə yaxın həmişəyaşıl ağac, coxsaylı mevə ağacları, dekorativ gül kolları məktəbi yaşıl libasa bürüyüb.

Geniş ərazini əhatə edən 100-ə yaxın tut ağacı isə təsadüf deyil. Bu, məktəb kollektivinin yenilənən təhsil mühitinə sadəcə tamaşaçı kimi baxmadığını, prosesin bir parçası olduğunu göstərir. Maraqlı məqamlardan biri də odur ki, mövsüm zamanı məktəbin boş qalan sahələrində kollektiv  müxtəlif tərəvəzlər becərilir. Bu, həm zəhmət, həm də məsuliyyət nümunəsidir.

İndi isə istər-istəməz sual yaranır: son illər əsaslı təmir olunan digər məktəblərin həyətləri niyə eyni mənzərəni təqdim etmir? Niyə bəzilərində yaşıllıq quruyur, digərlərində isə ümumiyyətlə salınmır? Səbəb vəsait çatışmazlığıdır, yoxsa münasibət?

Axı məktəb təkcə dərs keçirilən bina deyil. Məktəb həm də tərbiyədir, nümunədir, baxımdır. Şagird hər gün ayaq basdığı mühitdən məsuliyyəti, səliqəni, təbiətə münasibəti öyrənir. Bu baxımdan Ağalıkənd məktəbinin həyətində yaradılan mənzərə təkcə estetik deyil, həm də dərsdir.

Bəlkə də elə bu səbəbdən sual aktual olaraq qalır: bu gözəllik doğrudanmı hər məktəbdə var? Yoxdursa, niyə?