
Tarix göstərir ki, diplomatiyada ən böyük nəticələr gurultulu bəyanatlardan deyil, qarşılıqlı etimadın səssiz şəkildə formalaşdığı dialoqdan doğur. Dövlətlər arasındakı münasibətlərin həqiqi dəyəri rəsmi protokollarda deyil, gələcəyi birlikdə qurmaq iradəsində görünür. Məhz buna görə də Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız diplomatik təqvimin növbəti bəndi yox, dəyişən dünya nizamında Azərbaycan ilə Almaniyanın ortaq maraqlar üzərində qurduğu münasibətlərin yeni mərhələsini ifadə edən mühüm siyasi hadisədir.
Dünya artıq uzun illər əvvəl alışdığı siyasi və iqtisadi düzəndə yaşamır. Enerji təhlükəsizliyi, təchizat zəncirlərinin etibarlılığı, regional sabitlik və geosiyasi risklər dövlətləri yeni tərəfdaşlıqlar qurmağa sövq edir. Belə bir dövrdə Azərbaycan təkcə Cənubi Qafqazın aparıcı dövləti deyil, Avropanın enerji təhlükəsizliyinə real töhfə verən, beynəlxalq öhdəliklərinə sadiq qalan etibarlı tərəfdaş kimi qəbul edilir. Almaniya isə Avropanın iqtisadi lokomotivi olaraq regionda sabitlik yaradan və uzunmüddətli əməkdaşlığa açıq olan ölkələrlə münasibətlərini daha da dərinləşdirməyə xüsusi önəm verir.
Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” təsadüfi sənəd deyil. Əslində bu sənəd iki ölkənin əməkdaşlığını yeni mərhələyə daşıyan yol xəritəsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Azərbaycan və Almaniya strateji dialoqun başlanmasına nail olublar. Bu isə münasibətlərin ayrı-ayrı layihələrdən çıxaraq uzunmüddətli siyasi tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir.
Müasir dünyada etibarlı tərəfdaş olmaq böyük üstünlükdür. Son illər Azərbaycan beynəlxalq münasibətlərdə məhz bu reputasiyanı formalaşdıran ölkələrdən birinə çevrilib. Təsadüfi deyil ki, Almaniyada keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyalar, sənaye, yüksək texnologiyalar və biznes əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi formalaşmış etimad mühitinin göstəricisidir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə bu əməkdaşlığın daha sistemli və davamlı xarakter alacağını göstərir.
Enerji sahəsində əməkdaşlıq artıq yeni məzmun qazanır. Bu ildən etibarən Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması təkcə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən növbəti töhfədir. Bu gün Azərbaycan qazı artıq Avropa İttifaqının on ölkəsinə çatdırılır. Bununla yanaşı, ölkəmizin yaşıl enerji strategiyası Almaniyanın texnoloji imkanları ilə uzlaşaraq gələcək əməkdaşlıq üçün yeni perspektivlər yaradır.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də nəqliyyat və tranzit imkanları oldu. Azərbaycan artıq yalnız enerji resurslarını deyil, həm də regionları birləşdirən mühüm logistika marşrutlarını idarə edən ölkələrdən birinə çevrilir. Orta Asiya ilə Avropa arasında formalaşan yeni iqtisadi əlaqələrdə Azərbaycanın körpü rolunun güclənməsi Almaniya üçün də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan yaradılacaq işçi qrupları və həyata keçiriləcək fəaliyyət planları gələcək əməkdaşlığın praktik nəticələrini sürətləndirəcək.
Münasibətlərin diqqətçəkən tərəflərindən biri də qarşılıqlı hörmət prinsipidir. Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığa açıq siyasət yürüdür. Almaniya da Cənubi Qafqazda sülhün, iqtisadi inkişafın və regional əməkdaşlığın vacibliyini anlayan mühüm Avropa dövlətlərindən biridir. Bu ortaq yanaşma siyasi dialoqun daha da möhkəmlənməsi üçün əlverişli zəmin yaradır.
Prezident İlham Əliyev Almaniyanın normallaşma prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək vurğuladı ki, region artıq uzun illər davam edən qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra irəli sürdüyü sülh təşəbbüsləri bu gün praktik əməkdaşlıq layihələri ilə müşayiət olunur. Ermənistan istiqamətində enerji daşıyıcılarının göndərilməsi və tranzit yüklərin Azərbaycan üzərindən daşınması da bunun real nümunələridir.
Bugünkü geosiyasi reallıq göstərir ki, dövlətlərin gücü yalnız iqtisadi potensialı ilə ölçülmür. Etimad yarada bilmək, verdiyi sözə sahib çıxmaq və müxtəlif maraqları ortaq məqsədlər ətrafında birləşdirmək də ən böyük siyasi kapitaldır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropa ilə münasibətlərini təsadüfi təşəbbüslər üzərində deyil, qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və uzunmüddətli strateji baxışa əsaslanaraq inkişaf etdirir.
Diplomatiyanın ən böyük uğuru bəzən imzalanan sənədlərin sayında deyil, həmin sənədlərin gələcəyə açdığı qapılarda olur. Berlin görüşləri də göstərdi ki, Azərbaycan–Almaniya münasibətləri artıq təkcə bugünün deyil, sabahın Avropasını və Cənubi Qafqazını formalaşdıracaq mühüm əməkdaşlıq platformalarından birinə çevrilməkdədir. Azərbaycan ilə Almaniya arasında formalaşan yeni strateji gündəlik də məhz bu reallığın ən aydın ifadəsidir.
Ceyhun Ağazadə
YAP Biləsuvar rayon təşkilatının gənc fəalı