
Respublikamız müstəqillik dönəmindəki ən mühüm siyasi uğurlardan birinə imza ataraq dünyanın bir nömrəli ölkəsi ABŞ ilə strateji tərəfdaşlıq yoluna qədəm qoyur. ABŞ-nın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata geniş bəyanatla çıxış edərək həm ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, həm də gələcək perspektivləri barədə fikirlərini bölüşmüşdür. Dövlət başçısının çıxışı Azərbaycan-ABŞ münasibətlərinin strateji xarakter daşıdığını və yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti arasında keçirilən görüş və səsləndirilən birgə bəyanatlar Azərbaycanın xarici siyasətində mühüm və yeni bir müsbət mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu görüş sadəcə protokol xarakteri daşımadı, əksinə, Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni, daha dərin və strateji mərhələyə daxil olduğunu nümayiş etdirdi. ABŞ kimi qlobal siyasi və iqtisadi gücün Azərbaycanla münasibətləri məhz bu kontekstdə qiymətləndirməsi ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi əhəmiyyətinin bariz göstəricisidir.
İmzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu mərhələ artıq yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və yüksək texnologiyalar sahəsində dərin və institusional əməkdaşlıq modelini formalaşdırır. Cənab Prezidentin vurğuladığı kimi, dünyanın ən qüdrətli dövlətlərindən biri olan ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycan üçün böyük siyasi etimad göstəricisi olmaqla yanaşı, real iqtisadi imkanlar açan mühüm platformadır. Tramp–Vens administrasiyasının Azərbaycana müsbət münasibəti və altı ay ərzində intensiv danışıqlar nəticəsində hazırlanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli əməkdaşlığın uzunmüddətli yol xəritəsini müəyyən edir. Xartiyanın əsas iqtisadi dayaqlarından biri regional bağlantıların inkişafıdır. Azərbaycan Orta Dəhliz üzərində yerləşən strateji tranzit ölkə kimi ABŞ üçün Asiya–Avropa ticarətində etibarlı marşrut rolunu oynayır. Bu kontekstdə Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi regionun iqtisadi xəritəsini dəyişən təşəbbüs kimi qiymətləndirilir. TRIPP layihəsi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, eyni zamanda Cənubi Qafqaz vasitəsilə qlobal ticarət və logistika axınlarının genişlənməsinə xidmət edir.
TRIPP layihəsi çərçivəsində yalnız yükdaşımalar deyil, enerji və data bağlantıları da nəzərdə tutulur. Bu isə layihəni sadəcə logistika deyil, həm də rəqəmsal və enerji infrastrukturu platformasına çevirir. Beləliklə, Azərbaycan regionun nəqliyyat və enerji qovşağı olmaqla yanaşı, rəqəmsal tranzit mərkəzinə çevrilmək potensialını da gücləndirir.
Beləliklə, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması Azərbaycan ilə ABŞ arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir və qarşıdakı illərdə əməkdaşlığın daha geniş miqyas alacağına zəmin yaradır.
Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı