İnsan həyatda qarşısına məqsəd qoyanda, o məqsədə aparan yolun ən böyük dayağı özünə inam olur. Təvəkkül Tahirov da məhz bu inam sayəsində arzularını gerçəkləşdirən insanlardan idi.
1963-cü ildə orta məktəbi bitirib doğma Əsgərabad kəndindən Bakıya yollananda onu bir sual düşündürürdü: "Görəsən, Tibb İnstitutuna qəbul ola biləcəyəmmi?" Lakin bu tərəddüd uzun çəkmədi. Öz biliyinə, iradəsinə və əzminə güvənən gənc Təvəkkül qərarını dəyişmədi. O, özünə söz verdi: "Mütləq həkim olacağam!"
1963–1968-ci illərdə Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsində təhsil aldı və ali məktəbi uğurla başa vuraraq əmək fəaliyyətinə başladı.
1968-ci ildən ömrünün sonunadək – 2006-cı ilə qədər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-stomatoloq kimi çalışdı. Uzun illər ərzində minlərlə insan onun peşəkarlığından, qayğıkeşliyindən və xeyirxahlığından bəhrələndi. 1970–1990-cı illərdə Biləsuvarda insanların ən çox üz tutduğu ünvanlardan biri də məhz Təvəkkül həkimin qəbul otağı idi.
Uşaqlıq illərində həyatın çətinliklərini görmüşdü. Elə buna görə də ehtiyacı olan insanın dərdini yaxşı anlayır, hər kəsə mərhəmət və diqqətlə yanaşırdı. O, yalnız bacarıqlı stomatoloq deyil, həm də böyük ürəyə, yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi.
2006-cı ildə ömrünü insanların sağlamlığına həsr edən Təvəkkül həkimin həyat kitabının son səhifəsi yazıldı. Lakin onun adı və xatirəsi bu gün də yaşayır.
Ruhun şad olsun, Təvəkkül həkim!
Sənin ən böyük əsərlərin yalnız sağaltdığın insanlar deyil, həm də yetişdirdiyin övladlarındır. Bu gün Rəşad, Pərviz və Gülər həkim kimi atanın müqəddəs peşəsini şərəflə davam etdirirlər. Onların təsisçisi və rəhbəri olduqları "Vita Med" Tibb Mərkəzi bölgənin nüfuzlu tibb ocaqlarından biridir.
Xüsusilə göz cərrahı Rəşad həkimin uğurlu əməliyyatları nəticəsində yenidən işığa qovuşan yüzlərlə insan ona minnətdarlıq edir. Hər bir "sağ ol" kəlməsinin içində isə səni belə övladlar yetişdirdiyin üçün deyilən bir "Allah rəhmət eləsin" duası da yaşayır.
Səlamət Rəhimov