Geri qayıt Çap et

Tanınmış alim, professor Müslüm Qurbanov vəfat edib

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli alim, kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov ürək tutması nəticəsində dünyasını dəyişib.

Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. O, 1973-cü ildə indiki Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Həmin il fakültənin Elmi Şurasının tövsiyəsi ilə AMEA-nın Radiasiya Tədqiqatları Bölməsinin aspiranturasına daxil olub.
1974–1978-ci illərdə L.Y. Karpov adına Fizika və Kimya İnstitutunda, eləcə də SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda aspirantura təhsilini davam etdirib. 1978-ci ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsində «Radiasiya kimyası» ixtisası üzrə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb.
Alim əmək fəaliyyətinə Radiasiya Tədqiqatları Bölməsində başlayıb. Müxtəlif illərdə kiçik elmi işçi, elmi işçi, baş elmi işçi və qrup rəhbəri vəzifələrində çalışıb. Elmi axtarışlarını uğurla davam etdirən Müslüm Qurbanov 1992-ci ildə «Fiziki kimya» ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.
O, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə eksperti kimi fəaliyyət göstərib. Dünyanın bir sıra nüfuzlu universitet və elmi-tədqiqat mərkəzlərində keçirilən beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, respublikamızda həyata keçirilən bir çox beynəlxalq elmi layihələrin koordinatoru və eksperti olub.
Professor Müslüm Qurbanovun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olaraq 2013-cü ildə ona «Nüvə kimyası» ixtisası üzrə professor elmi adı verilib.
Müslüm müəllim yalnız tanınmış alim və tədqiqatçı deyil, həm də özündən sonra böyük elmi məktəb və yetirmələr yetişdirmiş ziyalı idi. O, 8 fəlsəfə doktorunun və 2 elmlər doktorunun elmi rəhbəri olub. Onun rəhbərliyi ilə yetişən alimlər Azərbaycan elminin inkişafına öz töhfələrini verməkdədirlər.
Vəfatına qədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Ətraf mühitin radiasiya kimyası laboratoriyasının rəhbəri vəzifəsində çalışan professor Müslüm Qurbanov institutun İxtisaslaşdırılmış Müdafiə Şurasının və Elmi Şurasının üzvü kimi də fəaliyyət göstərib.
Professor Müslüm Qurbanovun vəfatı Azərbaycan elmi, onun həmkarları, yetirmələri, doğmaları və bütün onu tanıyanlar üçün böyük itkidir. Onun uzun illər ərzində apardığı elmi tədqiqatlar, yetişdirdiyi alimlər və elmə verdiyi töhfələr daim xatırlanacaq.
Əziz Müslüm müəllim, elminizə, ziyalılığınıza və insanlığınıza ehtiramla!
Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun!