Geri qayıt Çap et

90 yaşlı, qocalmayan səhiyyə ocağı

Bakının mərkəzində elə ünvanlar var ki, onların tarixini yalnız divarların yaddaşı, memarlıq görkəmi və keçmişdən qalan xatirələr yaşatmır. Bu ünvanların əsl tarixini burada şəfa tapan insanların taleləri, həkimlərin zəhməti sayəsində neçə-neçə ailəyə bəxş olunan ümidlər yazır. Təbii Üsullarla Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu da belə ünvanlardan biridir. Yaşlı nəslin yaddaşında «Kirov institutu» kimi qalan bu səhiyyə ocağı artıq 90 ildir insan sağlamlığının keşiyində dayanır.

Doqquz onillik ərzində zaman bu müəssisənin həyatına öz izlərini salıb: bina yenilənib, şərait dəyişib, tibbin imkanları genişlənib. Əsaslı təmir və yenidənqurmadan sonra fəaliyyətini davam etdirən institut isə tarixi ənənələrini qoruyub saxlayır. Bu 90 il sadəcə təqvimdəki rəqəm deyil. Hər ili insan taleləri, sağalmaq ümidi, həkimlərin məsuliyyətli əməyi və tibb işçilərinin fədakarlığı ilə ölçülən bir tarixdir.
Bu yazını qələmə alarkən həmin müəssisədə müalicə alan pasiyentlərdən biri də mənəm. Bir neçə gündür ki, burada müalicəmi davam etdirirəm. Buna görə də müşahidələrim yalnız kənardan baxan jurnalistin qeydləri ilə məhdudlaşmır. Mən həm də xəstəxana həyatını gündəlik yaşayan, tibb işçilərinin münasibətini və yaradılan şəraiti yaxından görən bir insan kimi düşüncələrimi bölüşürəm. Pasiyent olaraq diqqət və qayğını hiss etməyə, jurnalist kimi isə gördüklərimin ictimai əhəmiyyətini dəyərləndirməyə çalışıram.
İstənilən səhiyyə müəssisəsinin uğuru, ilk növbədə, kollektivin birgə fəaliyyətindən asılıdır. Həkimlərin bilik və təcrübəsi, tibb bacılarının diqqəti, digər əməkdaşların məsuliyyəti eyni məqsədə — insanların sağlamlığının qorunmasına və bərpasına xidmət edir. Peşəsinə sədaqətlə yanaşan, biliklərini daim təkmilləşdirən və pasiyentə hörmətlə münasibət göstərən tibb işçiləri yalnız gündəlik vəzifələrini yerinə yetirmirlər. Onlar həm də müəssisənin nüfuzunu formalaşdırır, peşə ənənələrini yaşadır və gənc həmkarlarına nümunə olurlar.
İnstitut uzun illərdir müxtəlif xəstəliklərin, xüsusilə sinir sistemi xəstəliklərinin müayinə və müalicəsi, eləcə də tibbi bərpa xidmətlərinin göstərilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycanın müxtəlif bölgələrindən buraya üz tutan insanlar sağlamlıqlarını bərpa etmək ümidi ilə həkimlərə müraciət edirlər. Onların arasında yaşlılar, qazilər və şəhid ailələrinin üzvləri də var. Bu kateqoriyadan olan pasiyentlərə həssas münasibət göstərilməsi, ehtiyaclarının nəzərə alınması və tibbi xidmətlərin əlçatanlığı səhiyyə müəssisəsinin mühüm vəzifələrindəndir.
Xəstəxana insanın sağlamlığın və həyatın qədrini daha dərindən anladığı məkanlardan biridir. Belə bir şəraitdə həkimin diqqətli yanaşması, tibb bacısının qayğısı, hətta səmimi bir xoş söz belə pasiyentin əhvalına müsbət təsir göstərə bilir. İnsan bu məqamda anlayır ki, şəfa yolunda peşəkarlıqla yanaşı, mənəvi dəstək də mühüm yer tutur.
Bu baxımdan tibb bacılarının və xəstə baxıcılarının əməyini ayrıca qeyd etmək istərdim. Həkim təyinatlarının vaxtında və düzgün yerinə yetirilməsi, pasiyentlərin gündəlik ehtiyaclarının qarşılanması, palatalarda təmizliyin və nizam-intizamın qorunması onların məsuliyyətli fəaliyyətindən çox asılıdır. Əlbəttə, xoş münasibət tibbi müalicəni əvəz etmir. Bununla belə, pasiyentin özünü rahat və güvəndə hiss etməsi keyfiyyətli tibbi xidmətin mühüm tərkib hissəsidir.
Kollektivin fəaliyyətinin səmərəliliyi isə işin necə təşkil olunmasından, gündəlik proseslərə nəzarətdən və problemlərə münasibətdən də asılıdır. Bu mənada səhiyyə müəssisəsinin rəhbərliyinin rolu xüsusi əhəmiyyət daşıyır. İnstitutun direktoru, həkim Nurlana Əliyevanın palatalara baş çəkməsi, şəraitlə maraqlanması və diqqət tələb edən məsələlərin həlli ilə bağlı tapşırıqlar verməsi rəhbərliyin gündəlik iş prosesində iştirakının vacibliyini göstərir. Çünki səmərəli idarəetmə yalnız tapşırıqların verilməsi ilə deyil, onların icrasına nəzarət və əldə olunan nəticələrin qiymətləndirilməsi ilə də ölçülür.
İnstitutun 90 illik tarixini ölkənin səhiyyə sahəsində baş verən dəyişikliklərdən ayrı təsəvvür etmək olmaz. Azərbaycanda tibb müəssisələrinin tikintisi, əsaslı təmiri, yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığının qorunmasına yönəlmiş tədbirlərin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə səhiyyə infrastrukturunun müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi dövlətin sosial siyasətində diqqət yetirilən məsələlərdəndir. Yeni tibb müəssisələrinin yaradılması və mövcud səhiyyə ocaqlarının yenilənməsi tibbi xidmət imkanlarının genişləndirilməsinə şərait yaradır.
Bununla belə, səhiyyənin inkişafını yalnız yeni binalar, təmir olunmuş palatalar və müasir avadanlıqlarla ölçmək olmaz. Bütün bu imkanların mərkəzində insan amili dayanır. Ən müasir texnologiyalar belə həkimin biliyini, tibb bacısının diqqətini, kollektivin məsuliyyətini və pasiyentə göstərilən qayğını əvəz edə bilməz. Müasir səhiyyənin əsl mahiyyəti texniki imkanlarla insani münasibətin vəhdətində üzə çıxır.
Doxsan illik tarixə malik bir müəssisə üçün digər mühüm məsələ keçmişin təcrübəsini müasir tibbin nailiyyətləri ilə uzlaşdırmaqdır. Tarixi ənənələr yalnız xatirələrdə yaşamaqla qorunmur. Onlar gündəlik işin keyfiyyətində, peşəkarlığın artırılmasında, pasiyentlərin məmnunluğunda və yeniliklərə açıq münasibətdə öz əksini tapır. Keçmişdən gələn təcrübə müasir yanaşmalarla zənginləşdikcə, müəssisənin gələcək inkişafı üçün də möhkəm zəmin yaranır.
İnstitutun 90 illik yubileyi bu baxımdan yalnız keçmişə nəzər salmaq fürsəti deyil, həm də gələcək qarşısında məsuliyyəti xatırladan əlamətdar hadisədir. Qarşıda duran əsas vəzifə illər ərzində toplanmış təcrübəni qorumaq, müasir tibbin imkanlarından səmərəli istifadə etmək, kollektivin peşəkarlığını daha da yüksəltmək və şəfa ümidi ilə buraya üz tutan insanların etimadını doğrultmaqdır.
Bir pasiyent kimi arzum budur ki, bu səhiyyə ocağı bundan sonra da öz ənənələrinə sadiq qalsın, yeniliklərə açıq olsun və burada çalışan hər bir həkimin, tibb bacısının, eləcə də digər əməkdaşların zəhməti insanların sağlamlığına, həyat sevincinə və gələcəyə inamına töhfə versin. Qoy bu müəssisənin qapısından içəri daxil olan hər kəs diqqət, hörmət və məsuliyyətlə qarşılaşsın.
Axı səhiyyə müəssisəsinin ömrü yalnız fəaliyyət göstərdiyi illərlə ölçülmür. Onun həqiqi yaşını neçə-neçə insana bəxş etdiyi şəfa, qoruduğu sağlamlıq, qazandığı etimad və yaşatdığı ümid müəyyənləşdirir.
Doxsan yaşlı bu səhiyyə ocağını qocalmağa qoymayan da məhz insanlara xidmət amalına sədaqəti, peşə ənənələri və şəfaya ehtiyacı olanlara uzanan qayğı dolu əlləridir.


Qələmə aldı: Surxay Şahbazov