Geri qayıt Çap et

Milli Qəhrəmanın doğum gününə həsr olunan kitab məktəbə təqdim olundu

Bakı şəhəri Binə qəsəbəsində yerləşən S. Abbasov adına 117 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım tədbiri və kitab təqdimatı keçirilib.


“Bilesuvarinfo” xəbər verir ki, tədbir çərçivəsində “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” adlı kitabların təqdimatı baş tutub, qəhrəmanımızın əziz xatirəsi ehtiramla anılıb.

Tədbirin açılışını məktəbin direktoru Ülkər müəllimə edib. Çıxışlardan əvvəl Mübariz İbrahimovun və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir zamanı vətənpərvərlik, mənəvi dəyərlər, fəlsəfi-əxlaqi mövzular ətrafında çıxışlar edilib, gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyi vurğulanıb. Bildirilib ki,Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ərəfəsində keçirilən bu silsilə kitab təqdimatları dərin mənəvi-psixoloji məna daşımaqla yanaşı, gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. 

Kitabın müəllifi Müşfiq Muğanlı bildirib ki, bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik və qəhrəmanlıq ruhunu gücləndirir, fədakarlıq anlayışını şüuraltı dəyərə çevirilməsində əhəmiyyətlidir: "Qəhrəmanlıq nümunələrini gələcək nəsillərə ötürən canlı mənəvi körpü rolunu oynayır. Belə tədbirlər həm də cəmiyyətin mənəvi birliyini möhkəmləndirir, xalqın qəhrəmanlarına olan ehtiramını yaşadan mühüm ictimai missiya daşıyır. Məktəb rəhbərliyinə, müəllim kollektivinə və şagirdlərə səmimi təşəkkürümü bildirir, onlara uğurlar arzulayıram".
Qeyd edək ki, Bakı şəhəri üzrə S. Abbasov adına 117 nömrəli tam orta ümumtəhsil məktəbi şagird sayına görə böyük təhsil ocaqlarından biridir. Bu məktəbdə keçirilən görüş mənim üçün unudulmaz və dərin mənəvi iz buraxan bir xatirəyə çevrildi.


Müşfiq Malik Muğanlı
şair-yazıçı, publisist