Geri qayıt Çap et

Bizim dağlar kimi…


Yəhudi atalar sözündə deyilir ki, hər saqqalı olan ravvin, yəni molla olmaz. Eyni fikir Azərbaycan atalar sözündə belə ifadə olunur: “Hər oxuyan Molla Pənah Vaqif ola bilməz.”Böyük Yaradanın, uca Allahın varlığına eyni düşüncə ilə inanan xalqların həyata, ilahi dəyərlərə münasibəti də eyni nöqtədə birləşir.


Bu baxımdan səmimi və xeyirxah şəxsiyyət olan Oleq Yusupov haqqında da demək olar ki, hər dünyaya gələn Oleq Yusupov ola bilməz. Onun bir özəlliyi də var ki, bizlərə – hər bir Azərbaycan insanına bir köynək daha yaxındır. Çünki tolerantlıq məskəni olan doğma Quba şəhərində dünyaya göz açıb. Xalqlarımız yaxın və doğmadır. Eyni taleyi yaşamışıq, süfrəmiz bir olub.

Qədim yəhudilərin tarixi və dinlərinin təşəkkülü haqqında əsas məlumatları Bibliyadan, daha dəqiq desək, Əhdi-Ətiqdən alırıq. Bibliyaya daxil olan bütün səmavi kitablarda Allahın birliyi ideyası ön plandadır. Nəql olunur ki, Yəhva – uca Yaradan qüdrətli və hər şeyə qadirdir. O, bəndəsi Əyyubu imtahana çəkir, hər şeyini əlindən alır. Əyyub isə səbr edir, dözür, imanını itirmir. Allah da onu bağışlayır və əlindən aldığı hər şeyi artıqlaması ilə geri qaytarır.

Bu sətirləri yaza-yaza düşünürəm ki, xeyirxah, qədirbilən dost-qardaş Oleq Yusupov da həyatın çətin sınaqlarından böyük dözüm, inam və imanla çıxıb. Hər çətinliyə ləyaqətlə sinə gərib. Taleyə inanıb, Tövratın təlqin etdiyi yaxşılıq və insanlıq yolunu tutub. Lap erkən yaşlarından anlayıb ki, yəhudi kasıb da ola bilər, zəngin də, amma həmişə gülümsəməlidir. Çünki yəhudilərdə xeyirxah əhval-ruhiyyə, xoş niyyət, salamlaşmaq mədəniyyəti şüuraltı bir həyat tərzinə çevrilib.

Oleq Yusupov gəncliyindən yəhudi ənənələrini bir dərslik kimi mənimsəyib. Bu ənənələrdə isə başdan-başa belə təlqin olunur:
“Nə olursa-olsun, dodaqlarınızı yaxşılıq etmək üçün tərbiyə edin. Bir gündə hər şeyi itirə bilərsiniz, amma bilməlisiniz ki, hər şey yenə yaxşı olacaq.”
Yəni inamlı olmaq lazımdır.

XIX əsrdə yaşamış yəhudi ravvini Tsemax-Tsedek yazırdı: “Mənim əziz yəhudi xalqım, pozitiv düşünün, inanın ki, hər şey yaxşı olacaq.”

Tarixi mənbələrdə tez-tez sual olunur: “Niyə yəhudilər ən çətin, ən ümidsiz anlarda belə sağ qala bildilər?” Cavab sadədir: onların əyilməz daxili iradəsi və ən yaxşıya olan sarsılmaz inamı var.

Oleq Yusupov bu həyat fəlsəfəsini yetərincə mənimsəyib. Uğura aparan yolun səmtini tutub, işlərində halallığa və xeyirxahlığa güvənib. Biznesini də bu dəyərlər üzərində qurub. Ata-baba mirası olan biliklərə sahib çıxıb, bilib ki, yəhudilər həmişə düzgün biznes sahələrini tapmağı bacarıblar və bu sahələrdə öndə olublar.

Moşe ben Masimo “Kim varlı sayıla bilər?” sualına belə cavab verir:
“Əldə etdikləri ilə xoşbəxt olan insan varlıdır.”

Oleq Yusupov da məhz belə xoşbəxtlərdəndir. Onun üçün qismət – Allahın lütfü ilə əldə olunan səadətdir. Bir qəlbi sevindirmək, bir əli tutmaq, bir dərdi bölüşmək onun üçün ən böyük qazancdır. O, yaxşılığı minnətsiz, əvəzsiz edənlərdəndir. Doğulub boya-başa çatdığı Quba şəhərini heç vaxt unutmur. Azərbaycan insanına olan hörməti, böyüklərə ehtiramı, dostluğa sədaqəti onun xarakterinin əsas cizgiləridir.

Oleq Yusupov təbiəti ilə bizim əziz Quba dağları kimidir – vüqarlı, səssiz, amma güclü və bərəkətli.


Bizim dağlar kimi vüqarlıdır o,
Ruhu, düşüncəsi Qubadan gəlir.
Vətən torpağının bir parçasıdır,
Haqqında yazıram, ruhum dincəlir.


Oleqlə dostluğun sevinci özgə,
Varlığı bir qardaş varlığı kimi.
Adını qəlbimin hər guşəsinə
Yazıram qardaşlıq varlığı kimi.


Anar Rüstəmov