Geri qayıt Çap et

Milli intibahın siyasi Zəfəri: Yeni Azərbaycan Partiyası


Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi, xüsusilə də müstəqillik dövrü, taleyüklü siyasi hadisələrlə zəngindir. Bu hadisələr arasında müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən biri – Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur.


Yeni Azərbaycan Partiyasının fərqi ondadır ki, o, əvvəlcədən formalaşmış təşkilati mərkəz olmadan, çətin siyasi şəraitdə, müxtəlif təzyiq və təqiblər altında, xalqın təşəbbüsü və iradəsi ilə meydana gəldi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni yaranmaqda olan partiyaya rəhbərlik etməsini xahiş etdilər. Müraciətdə deyilirdi: “Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.”

Ümummilli Lider Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixli cavabında bu müraciəti qəbul etdi və partiyanın yaradılmasına rəhbərlik etməyə razılıq verdiyini bildirdi. Lakin həmin dövrdə hakimiyyətdə olan AXC–Müsavat cütlüyü bu təşəbbüsə kəskin müqavimət göstərirdi: ziyalılar prokurorluğa çağırılır, təhdid və təqiblərə məruz qalır, Bakıda təsis konfransının keçirilməsinə icazə verilirdi.

Bu səbəbdən partiyanın təsisçiləri Naxçıvana yola düşdülər və 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Dekabrda isə partiya Ədliyyə Nazirliyində rəsmən qeydiyyatdan keçdi. Bundan sonra respublikanın bütün bölgələrində təsis yığıncaqları təşkil olunmağa başladı. Hakimiyyət bunun qarşısını almaq üçün fövqəladə vəziyyət elan etsə də, YAP qarşısına qoyduğu məqsədlərdən çəkilmədi və fəaliyyətini qətiyyətlə davam etdirdi.

Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın inamını qazanaraq hakimiyyətə gəldi. Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsinə və qüdrətli liderlik keyfiyyətlərinə malik Heydər Əliyevin ətrafında sıx birləşdi. Ümummilli Liderin rəhbərliyi ilə fəaliyyət göstərən YAP müstəqilliyimizin möhkəmlənməsinə, dövlətçiliyin bərpasına və ölkənin inkişaf yoluna çıxmasına xidmət etdi. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla öz gələcəyini etibarlı əllərə tapşırmışdı.

Heydər Əliyevin sözləri ilə desək, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübut etdi ki, o, yeni, müstəqil Azərbaycanı qurmağa və onu parlaq gələcəyə aparmağa qadir siyasi qüvvədir.

Bu gün isə Ümummilli Liderin siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni və şanlı səhifələrini yazmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP həm ölkənin, həm də bütün Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq güclü təşkilati ənənələrini qoruyur və inkişaf etdirir. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin siyasi həyatının aparıcı qüvvəsi olaraq bütün strateji proseslərin mərkəzində dayanacaq.


Taleh Cəfərov,

Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı