Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat kilometr olan bu qədim yurd yerinin relyefi əsasən düzənlik, qismən isə dağlıqdır. Qarabağın mərkəzində — Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən Ağdam həm təbiəti, həm də tarixi ilə Azərbaycanın ən dəyərli bölgələrindən biridir.
“Ağdam” sözünün qədim türk dilində “kiçik qala” mənasını daşıdığı bildirilir. Uzaq keçmişdə burada yaşayan türkdilli tayfalar özlərini müdafiə etmək üçün belə qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşdan özünə imarət tikdirməyi əmr etmişdi. Günəş şüaları altında işıldayan həmin tikili uzun müddət ətraf kəndlər üçün oriyentir olmuş, “Ağdam” adı da “işıqlı ev”, “ağ günlü məkan” mənasında xalqın yaddaşına həkk olunmuşdur.
1993-cü ildə Ağdam uğrunda gedən 42 günlük döyüşlər 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə nəticələndi. Rayonun 1094 kvadrat kilometr ərazisinin 882 kvadrat kilometri, o cümlədən rayon mərkəzi və 90 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur qaldı.
Bu dövrdə Ağdamın 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəb, 271 mədəniyyət evi, dünyada yeganə olan Çörək Muzeyi, 67 idarə və 99 klub düşmən tərəfindən talan edildi. Döyüşlər zamanı 6 mindən artıq vətəndaşımız şəhid oldu, minlərlə insan yaralandı. Ağdamlılar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşdı.
Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu sənədin nəticəsi olaraq Ağdam rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Ağdamın azad edilməsində iştirak edib igidlik göstərmiş Silahlı Qüvvələrimizin 5770 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və tikinti işləri aparılır. Prezident İlham Əliyevin bölgəyə ardıcıl səfərləri burada həyata keçirilən layihələrin strateji əhəmiyyətini göstərir. İnfrastrukturun yenidən qurulması, nəqliyyat qovşaqlarının formalaşdırılması, enerji sistemlərinin müasirləşdirilməsi, mədəniyyət obyektlərinin bərpası və yaşayış məhəllələrinin salınması Ağdamın tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu sübut edir.
Bu layihələr təkcə fiziki bərpa deyil — dayanıqlı inkişaf, sosial reinteqrasiya və doğma torpaqlara qayıdışın təminatı deməkdir. Artıq çoxsaylı ailələr Ağdama dönür, yeni həyat qurur və şəhərin müasir siması sürətlə formalaşır.
Müasir Ağdam — Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin real nəticəsi olaraq — yaxın illərdə Qarabağın ən vacib mədəni, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevriləcək.
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı