Geri qayıt Çap et

Ehtiram Muxtarov: Prezidentin sərəncamı regionlarda su idarəçiliyində yeni mərhələ açır

Azərbaycan üçün su ehtiyatlarının idarə olunması təkcə infrastruktur məsələsi deyil, həm də ekoloji təhlükəsizlik, ərzaq təminatı və sosial rifahın mühüm tərkib hissəsidir. Su resursları həm kənd təsərrüfatının, həm sənaye sahələrinin, həm də əhalinin içməli su təchizatının dayanıqlığını müəyyən edən strateji amildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə su idarəçiliyi sahəsində sistemli islahatlar həyata keçirilir, yeni idarəetmə mexanizmləri formalaşdırılır və regional səviyyədə səmərəlilik prinsiplərinə əsaslanan institutlar yaradılır. Bu islahatların mühüm nümunələrindən biri cari ildən fəaliyyətə başlayan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı “Şirvan–Salyan” Regional İdarəsidir.

İdarənin rəisi Ehtiram Muxtarov “Bilesuvarinfo”ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin su resurslarının idarə edilməsinə göstərdiyi xüsusi diqqət bu sahədə tamamilə yeni idarəetmə modelinin formalaşmasına səbəb olub:

“Ölkədə su idarəçiliyi sahəsində sistemli islahatlar davam etdirilir. Bu islahatların məqsədi yalnız infrastrukturun modernləşdirilməsi deyil, həm də su resurslarının istifadəsi və qorunması, qanunsuz istifadənin qarşısının alınması, səmərəli idarəetmə mexanizmlərinin tətbiqi və ictimai şüurun yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsidir. Regional səviyyədə səmərəlilik prinsiplərinə əsaslanan institutların yaradılması isə bu islahatların mühüm tərkib hissəsidir.”
Onun sözlərinə görə, statistik göstəricilər əhalinin 98 faizinin içməli su ilə təmin olunduğunu göstərsə də, suvarma və sənaye sahələrində səmərəli su istifadəsi hələ də regionlar üzrə fərqlilik təşkil edir. Bu fərqliliklərin aradan qaldırılması məqsədilə həyata keçirilən dövlət islahatları həm regional, həm də milli səviyyədə strateji əhəmiyyət daşıyır.

İdarə fəaliyyətini dövlətin qəbul etdiyi “Milli Su Ehtiyatlarından Səmərəli İstifadə Strategiyası”na uyğun quraraq, su ehtiyatlarının qorunması, istifadəyə nəzarət və mövcud sistemlərin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 2024-cü ildə təsdiqlədiyi strategiya su hövzələrinin vahid idarəetmə prinsiplərinə əsaslanır, ekoloji tarazlığın qorunmasını və su itkilərinin minimuma endirilməsini hədəfləyir.

2025-ci il 1 aprel tarixli sərəncam isə suvarma sistemlərinin təkmilləşdirilməsi və kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma təminatının bərpası məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 5 milyon manat vəsait ayrılıb. Bu addım yalnız bir bölgəyə deyil, ümumilikdə ölkə üzrə su təsərrüfatı sisteminin modernləşdirilməsinə yönəlmiş siyasətin tərkib hissəsidir.

Ehtiram Muxtarov bildirib ki, bu siyasətin icrası Biləsuvar və ətraf rayonlarda da artıq real nəticələr verməkdədir. Hazırda “Şirvan–Salyan” Regional İdarəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
  • - suvarma və drenaj sistemlərinin vəziyyətinə nəzarət;
  • - yeraltı və səth sularının keyfiyyətinə dair monitorinqlər;
  • - sudan qanunsuz istifadənin qarşısının alınması;
  • - su obyektlərinin texniki təhlükəsizliyinin qiymətləndirilməsi;
  • - su istifadəçiləri ilə əməkdaşlıq və su sərfiyyatının optimallaşdırılması üzrə maarifləndirici tədbirlər.
O əlavə edib ki, ictimaiyyət arasında səsləndirilən bəzi su təchizatı problemləri birbaşa idarənin səlahiyyətlərinə aid olmasa da, qurum bu məsələlərin həlli üçün əlaqədar dövlət strukturları ilə sıx koordinasiyada fəaliyyət göstərir:

“Bizim vəzifəmiz suların istifadəsinə və mühafizəsinə dövlət nəzarətini, monitorinqini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görməkdir. Hər hansı texniki nasazlıq və ya təchizat problemi aşkarlanarsa, dərhal müvafiq icra qurumlarına məlumat verməklə aradan qaldırılması istiqamətində işlərin həllidir . Məqsədimiz sistemin bütövlükdə sağlam işləməsinə nail olmaqdır.”

“Su ehtiyatlarımızdan səmərəli istifadə edək” devizi ilə Biləsuvar və Salyan rayonlarında keçirilən maarifləndirici aksiyalar, məktəblər və kənd icmaları ilə keçirilən görüşlər ictimai şüurun formalaşmasına xidmət edir. Təlimlərdə suyun qənaətli istifadəsi, torpağın rütubət balansının qorunması və yeni suvarma texnologiyalarının tətbiqi barədə məlumatlar təqdim olunur.

Ehtiram Muxtarovun fikrincə, Prezidentin sərəncamı ilə başlanmış bu proses Azərbaycanın su təsərrüfatında dayanıqlı idarəetmə, səmərəli istifadə və şəffaf nəzarət prinsiplərinə əsaslanan yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq, yaxın illərdə su idarəçiliyinin rəqəmsallaşdırılması, elektron monitorinq və real vaxt nəzarət sistemlərinin tətbiqi prioritet istiqamət kimi müəyyən edilib. Bu addımlar həm qənaətə, həm şəffaflığa, həm də su təhlükəsizliyinə xidmət edəcək.