Dövlət başçısı bildirib ki, yeni vəzifəyə təyin olunanlardan gözləntilər aydındır: xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik etdikləri bölgələrdə öz fəaliyyəti ilə Prezidentin seçimlərinin doğruluğunu sübut etmək. Əks halda, lazımi ölçülər görüləcək.
Prezident İlham Əliyevin siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi hər zaman prioritet məsələ olub. Məmur–vətəndaş münasibətləri dayanıqlı inkişafın və sosial sabitliyin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Dövlətimizin başçısı ölkəmizin hər sahədə nümunəvi olması üçün zəruri addımlar atır, müvafiq qurumlara konkret tapşırıqlar verir.
Hər sahə üzrə qəbul olunan Dövlət proqramlarının məqsədi də bu siyasətdən irəli gələn vəzifələrin icrasını təmin etmək, Azərbaycanın hərtərəfli inkişafına nail olmaqdır. Yeni mərhələdə əsas hədəf iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı, region potensialının tam və səmərəli istifadəsi, yeni iş yerlərinin açılması və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Son illər ərzində dövlət investisiya proqramları çərçivəsində bölgələrdə mühüm infrastruktur layihələri həyata keçirilib. Şəhər və kəndlərdə içməli su və suvarma sistemlərinin yenilənməsi, sosial obyektlərin tikintisi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Ən vacib məsələ isə bu proseslərdə şəffaflığın təmin olunmasıdır.
Nəzərdə tutulan islahatlar dövlət orqanlarının nüfuzunu artırmaqla yanaşı, dövlət–vətəndaş münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə şərait yaradır. Prezident İlham Əliyev yeni təyin olunan rəhbərlərlə görüşdə vurğulayıb ki, yerlərdə hələ də insanları narahat edən məsələlər qalıb və onların həlli sosial ədalət prinsipi üzərində qurulmalıdır. Hər bir bölgədə insanlar bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir.
Vaxtilə bəzi mərkəzi icra orqanlarında mənfi halların mövcudluğu bölgələrdə idarəetmənin zəifləməsinə səbəb olmuşdu. Bu gün həmin mənfi təcrübədən qəti şəkildə uzaqlaşılıb. Aparılan kadr islahatları nəticəsində məmur korpusu böyük dərəcədə sağlamlaşdırılıb və dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və xidmət mədəniyyəti əsas meyar kimi ön plana çıxıb.
Cavid Əliyev,
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı