“Bilesuvarinfo” xəbər verir ki, Azərbaycanın elmi və təhsilində silinməz iz qoymuş alim 1950-ci ildə Biləsuvar rayonunda dünyaya gəlib. Kamil Mənsimov elmə və təhsilə sadiqliyi, yüksək insani keyfiyyətləri ilə bütün ölkədə nümunəvi ziyalı, fədakar elm adamı kimi tanınıb. Mənsimovlar ailəsi doğma Biləsuvarda “riyaziyyatçılar ailəsi” kimi məşhur olub və bu ənənənin bünövrəsini məhz ailənin böyük övladı Kamil Mənsimov qoyub.
Kamil müəllim 1973-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, tələbəlik illərindən elmi axtarışlara xüsusi maraq göstərib və sonradan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunda elmi fəaliyyətə başlayıb. 1974-cü ildə qiyabi aspiranturaya daxil olub, 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat elmləri namizədi elmi dərəcəsini qazanıb.
Elmdəki ardıcıl və səmərəli fəaliyyəti nəticəsində 1994-cü ildə fizika-riyaziyyat elmləri doktoru, 2000-ci ildə isə professor elmi adını alıb. 1992-ci ildən etibarən BDU-nun “Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə” kafedrasında dosent, 1998-ci ildən isə “Riyazi kibernetika” kafedrasının müdiri vəzifəsində çalışıb.
Professor Kamil Mənsimov uzun illər Prezident yanında Ali Attestasiya Komissiyasında Riyaziyyat və mexanika üzrə ekspert komissiyasının üzvü kimi də fəaliyyət göstərib. Onun rəhbərliyi altında 12 nəfər fəlsəfə doktoru yetişib, yüzlərlə tələbə riyaziyyata maraq göstərərək bu sahədə ixtisaslaşıb.
Alimin 325-dən çox elmi məqaləsi, o cümlədən 65-i xarici elmi jurnallarda dərc olunub. O, həmçinin 5 monoqrafiyanın və 18 dərs vəsaitinin müəllifidir. Bu əsərlər bu gün də tələbələr və gənc tədqiqatçılar üçün əsas elmi mənbələrdən sayılır.
Kamil Mənsimovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib – o, 2009-cu ildə “Tərəqqi” medalı, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.
Məlumata görə, son illər qan təzyiqi xəstəliyindən əziyyət çəkən alim bu gün dünyasını dəyişib.
Allah rəhmət eləsin.