Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirərək, Mərkəzi və Orta Asiya regionu ölkələri ilə, xüsusilə də Qazaxıstanla münasibətlərini strateji müstəviyə yüksəldib. İki ölkə arasında çoxəsrlik dostluq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan əməkdaşlıq bu gün yeni mərhələyə qədəm qoyub.
Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrin güclənməsi ölkəmizin xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biridir. Xalqlarımızı birləşdirən ortaq dil, din, mədəniyyət, mənəvi dəyərlər və tarixi köklər bu münasibətlərin inkişafına mühüm təsir göstərir.
Bu münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır, həm də siyasi etimad, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində formalaşmış dərin müttəfiqlik əlaqələrini əks etdirir. Azərbaycan və Qazaxıstan çoxəsrlik dostluq ənənələrini qoruyub saxlamaqla yanaşı, onları yeni dövrün reallıqlarına uyğun şəkildə inkişaf etdirə biliblər.
Son üç ildə baş tutan qarşılıqlı səfərlərin intensivliyi, yüksək səviyyəli danışıqlar və strateji məsələlərin müzakirəsi bu münasibətlərin dərin məzmununu və praktiki səmərəsini nümayiş etdirir. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə bu istiqamətdə görülən işlərin miqyasını və gələcəyə yönəlik vizionu bir daha ortaya qoydu.
Azərbaycan–Qazaxıstan əlaqələri bu gün regional sabitliyə, iqtisadi inkişafa və Türk dünyasının birliyinə xidmət edən strateji tərəfdaşlıq nümunəsinə çevrilib. İki qardaş xalqın ortaq iradəsi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində Azərbaycan–Qazaxıstan münasibətləri gələcəyə doğru inamla irəliləyir.