Geri qayıt Çap et

Qubadlı azadlığını qazandığı gün — 5 il əvvəl


Bu gün Qubadlı şəhərinin erməni işğalından azad edilməsindən beş il keçir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşərək Qubadlını düşmən tapdağından azad etdi. Bu qələbə İkinci Qarabağ müharibəsinin həlledici mərhələlərindən biri kimi tarixə yazıldı.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam edirdi. Müharibənin ilk günlərində Cəbrayıl və Zəngilan rayonlarının azad olunması Qubadlıya doğru irəliləməyə mühüm şərait yaratdı.

Rayonun azad edilməsi uğrunda şiddətli döyüşlər aparılıb. Düşmən şəhər ətrafında möhkəmləndirilmiş istehkamlar qurmuş, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdi. Lakin Azərbaycan əsgərlərinin rəşadəti, döyüş ruhu və komandanlığın peşəkar planlaşdırması nəticəsində bu müdafiə xətləri darmadağın edildi. Düşmən geri çəkilməyə məcbur oldu və Qubadlı şəhəri azad edildi.


Oktyabrın 26-da Prezident İlham Əliyev xalqa müraciətində Qubadlının azad edildiyini elan etdi. Dövlət başçısı, həmçinin, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin, eləcə də Zəngilan və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunduğunu bildirdi.

Bu çıxış xalq arasında böyük sevinc və qürur hissi ilə qarşılandı. Qubadlının azad edilməsi xəbəri həm cəbhədə, həm də bütün ölkədə qələbə ruhunu daha da gücləndirdi.


Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Uzun illər ərzində şəhər və kəndlər viran qoyulmuş, sosial infrastruktur – məktəblər, xəstəxanalar, rabitə xətləri və su təsərrüfatı dağıdılmışdı.
Ermənilər təbiətə qarşı ekoloji terror törətmiş, meşələr, torpaqlar və su mənbələri ciddi zərər görmüşdü.

İşğal illərində Qubadlıya və onun sakinlərinə böyük maddi və mənəvi zərbə vurulmuşdu. Lakin xalqımız inamını itirmədi – dövlətinə, ordusuna və ədalətin bərpasına güvəndi.

Qubadlının azad olunması Vətən müharibəsinin gedişində strateji dönüş nöqtəsi oldu. Bu əməliyyat nəticəsində Azərbaycan Ordusu Laçın və Şuşa istiqamətində mühüm üstünlük qazandı.
Ümumilikdə, Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi. Bu qələbə həm hərbi, həm də mənəvi baxımdan Azərbaycanın qələbə tarixində mühüm yer tutur.

Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub.
Həmin sərəncama əsasən, 25 oktyabr – Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

Bu gün təkcə Qubadlının azad edilməsinin deyil, həm də Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və dövlətimizin əzminin təntənəsidir.
Qubadlının azadlığı – xalqımızın iradəsinin, şəhidlərimizin qəhrəmanlığının və müzəffər ordumuzun şanlı tarixinin parlaq səhifəsidir.


Cavid Əliyev, 
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı