Geri qayıt Çap et

20 Oktyabr – Zəngilan Şəhəri Günü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi təsis edilib. Bu gün, Azərbaycanın müasir tarixində mühüm yer tutan, Vətən müharibəsində qazanılmış böyük qələbənin simvoluna çevrilmiş Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümüdür.


Zəngilan rayonu Azərbaycanın Qarabağ bölgəsinə daxil olmaqla, strateji baxımdan mühüm coğrafi mövqedə yerləşir. Tarixən Zəngəzur qəzasının tərkibində olan bu ərazi, 1920-ci il bolşevik işğalından sonra parçalanmış və yalnız Laçın, Qubadlı və Zəngilan Azərbaycanın tərkibində saxlanılmışdır.

Zəngilan həm Ermənistan, həm də İranla həmsərhəd olması ilə ölkəmiz üçün böyük geosiyasi və strateji əhəmiyyət daşıyır. Rayon təbii sərvətlərlə – qızıl və mərmər yataqları, mineral sular, çinar meşələri, Oxçuçay kimi su ehtiyatları ilə zəngindir.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Zəngilan rayonu işğal olundu. Füzuli və Cəbrayıl rayonlarının da işğalından sonra Zəngilan tam mühasirəyə düşdü. Əhali qəhrəmanlıqla müqavimət göstərsə də, ağır hərbi şərait nəticəsində rayon düşmən nəzarətinə keçdi. Minlərlə zəngilanlı doğma yurdlarını tərk edərək Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşdı.

İşğal illərində Zəngilan rayonunun təbii sərvətləri vəhşicəsinə istismar olundu, meşələr qırıldı, Oxçuçay kimyəvi maddələrlə çirkləndirildi. Bu, təkcə Azərbaycana deyil, bütün bölgəyə ekoloji fəlakət təhlükəsi yaratdı və bu faktlar beynəlxalq təşkilatlar səviyyəsində gündəmə gətirildi.

2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu sürətli və uğurlu əks-hücum əməliyyatları həyata keçirdi. 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan tam azad olundu. Bu, təkcə hərbi deyil, həm də strateji-siyasi baxımdan mühüm dönüş nöqtəsi oldu. Azərbaycanın İranla sərhədi tam bərpa olundu və cənubdan Ermənistan sərhədinə çıxış təmin edildi.

Prezident İlham Əliyev Zəngilanın azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edib.

Zəngilan rayonunda hazırda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində artıq bir neçə kənd və qəsəbəyə köç prosesinə start verilib. Yeni infrastruktur – yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri tikilir. Zəngilan tezliklə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir.
Düşmənin 30 il işğalda saxladığı şəhər və rayonların azadlıq  günləri yalnız bir rayonun azadlığı deyil, bütöv Azərbaycanın suverenliyi, birliyi və əzminin təcəssümüdür. Bu günlər həm şəhidlərimizin ruhuna ehtiram, həm də azad və güclü Azərbaycanın gələcəyinə inam günüdür.
Zəngilan azaddır. Zəngilan qayıdır. Zəngilan dirçəlir!

Ziya Qurbanov, 
Biləsuvar Rayon İcra Hakimiyyəti başcısı