
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” kitabı ictimaiyyətə təqdim edilib.
17 oktyabr 2025-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı və publisist Müşfiq Malik Muğanlıdır.
Tədbiri kitabın baş redaktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli açaraq əsərin vətənpərvərlik və qəhrəmanlıq ruhunu təbliğ edən dəyərli nəşrlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, “Mübarizdən sonra” təkcə bir qəhrəmanın həyatını deyil, eyni zamanda xalqımızın mübarizlik ruhunu, mərdliyini və kimliyini özündə əks etdirir.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev “Mübariz qəhrəmanlığı”, dosent Aytən Bəylərova “Adı tarixə çevrilən qəhrəman Mübariz İbrahimov” və filologiya elmləri doktoru Eşqanə Babayeva “Qəhrəmanlıq nümunəsi” mövzularında məruzələrlə çıxış ediblər. Bildirilib ki, iki hissə, dörd bölümdən ibarət olan əsərdə qəhrəmanın həyat yolu, şəxsiyyəti və vətənpərvərlik nümunəsi kimi irsi əks olunub. Kitabın birinci hissəsində Mübariz İbrahimovun atası Hacı Ağakərim İbrahimovun gənc nəslə verdiyi tövsiyələr, Mübariz haqqında görkəmli şəxsiyyətlərin fikirləri yer alıb. İkinci hissədə isə müəllifin bədii-publisistik düşüncələri və “Müqəddəs Mübarizim” adlı poemasına yer verilib.
Təqdimatda iştirak edən professor Sayalı Sadıqova, professor İlhami Cəfərsoy, dosent Xədicə Heydərova və dosent Təranə Şükürlü öz çıxışlarında vurğulayıblar ki, Mübariz İbrahimovun adı Azərbaycan tarixində qəhrəmanlıq, cəsarət və vətən sevgisinin əbədi simvolu kimi yaşayacaqdır.