Geri qayıt Çap et

Biləsuvar DAİM-də 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib


Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan xalqının müstəqillik və istiqlal mübarizəsinin qəhrəmanlıq səhifələrindən biri kimi tarixə düşmüş 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım mərasimi keçirilib. 

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzin direktoru Nurəddin Quliyev vurğulayıb ki, Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri fonunda başlanan gərginliyin kulminasiya nöqtəsi olan 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə yazılıb. Bildirilib ki, 1990-cı ilin yanvarında sovet rəhbərliyinin göstərişi ilə Bakıya yeridilən qoşunlar dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törədərək günahsız insanların həyatına son qoyub. Bu qanlı hadisə xalqımızın milli kimliyinin formalaşmasına güclü təsir göstərərək azadlıq və müstəqillik ideyasını daha da möhkəmləndirib. Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti məhz Ümummilli Lider Heydər Əliyev verib. O, həmin günlərdə Moskvada Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ rəhbərliyinin ağır cinayəti kimi qiymətləndirərək, bu qanlı hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim əziz tutulduğu, şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasətinin uğurla davam etdirildiyi bildirilib. 
Şəhid ailələrinin və qazilərin başqa sahələrdə olduğu kimi aqrar sahədədə xüsusi həssaslıqla daim diqqətdə saxlanılması, ölkədə başqa sahələrlə birlikdə aqrar sahənində davamlı inkişafının təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası bu müqəddəs irsin davamı kimi uğurla həyata keçirilir.

Tədbir mərkəzin əmkdaşları Elşən Musayevin, Rəşadət Əskərovun, Vələddin Dövlətovun və digər şəxslərin çıxış nitqləri ilə davam edib. Xüsusi olaraq qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər müstəqillik və azadlıq uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını bir daha sübut etdi.