
1993-cü ilin əvvəllərində ölkəmiz öz tarixinin ən çətin dövrlərindən birini yaşayırdı. Aprelin əvvəlində Kəlbəcərin işğalı Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası rəhbərlərinin təmsil olunduğu hakimiyyətə xalqın inamını sarsıtdı və respublikada dərin siyasi böhrana səbəb oldu. İyunun əvvəllərində isə Gəncədə hərbi qiyam başlandı. Bu qiyam AXC-Müsavat hakimiyyətinin fiaskosu oldu. Hökumət Surət Hüseynovun başçılıq etdiyi qiyamçı hərbi hissənin tərk-silah olunması və ləğv edilməsi haqqında qərar verdi. Hökumət qoşunları bu qərarı yerinə yetirmək üçün 1993-cü il iyunun 4-də hərbi əməliyyata başladı. Lakin bu əməliyyat tamamilə iflasa uğradı və hökumət qüvvələri məğlub oldular. Qiyamçıların Bakıya doğru hərəkətə başlaması ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Yaranmış böhranlı vəziyyətlə əlaqədar hökumət qiyamçılarla danışıqlara getməyə məcbur oldu. Qiyamçıların tələbi ilə Baş nazir və güc nazirləri, Ali Sovetin sədri istefaya göndərildi. Ölkədə hakimiyyətin faktiki olaraq qiyamçıların əlinə keçməsi təhlükəsi yarandı. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Əlikram Hümbətov cəbhə bölgələrindən çıxardığı hərbi dəstələri cənub bölgəsinə apardı. O, Lənkəranda qanuni hakimiyyəti devirdi və qondarma "Talış - Muğan Respublikası"nın qurulduğunu bəyan etdi. Beləliklə, 1993-cü ilin yayında respublikada böhran dərinləşdi və hakimiyyət boşluğu yarandı.
Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizi məhv olmaqdan xilas etməyə qadir olan yeganə şəxsiyyət böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev idi. Xalq Cəbhəsi hökumətinə qarşı Gəncədə hərbi qiyam zamanı Heydər Əliyev açıq şəkildə dövləti müdafiə etdiyini bildirdi. Böhrandan çıxış yolu axtaran ölkənin o zamankı prezidenti Əbülfəz Elçibəy kömək üçün məhz Heydər Əliyevə müraciət etdi. 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev respublikanı ağır siyasi böhrandan çıxarmaq üçün bir neçə mühüm addım atdı. O, ilk növbədə, Gəncə şəhərinə gedərək hərbi müxalifətin başçıları ilə danışıqlar apardı, vəziyyətdən çıxış yollarını müəyyən etdi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin sessiyasında Ali Sovetin sədri seçildi. Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoyan həmin gün Milli Məclis tərəfindən 1997-ci ildə Milli Qurtuluş Günü elan olundu. Respublikada yaranmış mürəkkəb siyasi proseslərlə bağlı prezident Əbülfəz Elçibəy Bakını tərk etdi. Milli Məclis tərəfindən respublika prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu. Dövlət başçısı olan Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1993-cü ilin avqustunda Azərbaycanın cənub bölgəsi xarici qüvvələrin əlaltısı olan təxribatçı-separatçı qüvvələrdən təmizləndi. 1993-cü ildə ölkənin şimal bölgəsində də yerli əhalinin səyi ilə separatçı meyillərin qarşısı alındı. Bununla da, Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu.
1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. O, əsas diqqətini ordu quruculuğuna yönəltdi. Milli Ordunun hərbi hissələrini ayrı-ayrı siyasi qrupların təsiri altından çıxardı. Ordunun silah-sursat, geyim və ərzaqla təminatını nizama salmağa başladı. 1993-cü il noyabrın 1-də respublikanın bütün imkanlarını ordu quruculuğu məsələlərinə səfərbər etmək üçün Dövlət Müdafiə Şurası yaradıldı. Yeni Milli Ordu hissələri təşkil edildi.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətdə köklü dəyişikliklər baş verdi. Ümummilli lider iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olun¬masını çox önəmli hesab edirdi. Buna görə də o, ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verirdi. Bu məqsədlə Ulu öndər Heydər Əliyev yeni Konstitusiya layihəsini hazırlayacaq işçi komissiyanın tərkibini parlamentə təqdim etdi. Milli Məclis 1995-ci il mayın 2-də bu barədə müvafiq qərar qəbul etdi. 1995-ci ilin iyunundan noyabr ayınadək həmin komissiyanın doqquz iclası keçirildi. Komissiyanın iclaslarında Heydər Əliyev ilk milli Konstitusiyamız yaradılarkən burada milli və ümumbəşəri dəyərlərdən, dünyanın demokratik təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürdü. O, komissiyanın sədri kimi layihəni hazırlayarkən, birinci növbədə, dövlət və hakimiyyətlə xalq arasında olan münasibətlərin əks etdirilməsinə xüsusi yer verilməsinə böyük önəm verirdi.
Konstitusiya layihəsi hazırlanarkən, onunla eyni vaxtda parlamentə seçkilər keçirmək üçün qanun layihəsi də Milli Məclisə təqdim edildi və müzakirələrdən sonra qəbul olundu. Konstitusiya layihəsi üzərində iş başa çatdıqdan sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı və həmin gün müstəqil Azərbaycanın ilk demokratik parlamenti seçildi. 12 noyabr ümumxalq səsverməsində qəbul olunmuş ilk milli Konstitu¬siyamız əsrlər boyu azadlıq amalını ürəyində yaşatmış xalqı¬mızın müstəqil, suveren dövlət qurmaq, dünya birliyində öz layiqli yerini tutmaq, bəşəriy¬yətin inkişafına öz layiqli töhfəsini vermək əzmini bir daha nümayiş etdirdi. Ulu Öndərin memarı olduğu ilk milli Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onu inkişaf etdirdi.
Ulu öndər Heydər Əliyevin böyük səyi nəticəsində cəbhədə atəşkəs elan olunduqdan sonra Azərbaycanda daxili sabitlik bərqərar oldu, ölkənin beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində qətiyyətli islahatlara başlanıldı. 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının əsası qoyuldu. Bu saziş Azərbaycanı qlobal iqtisadiyyata inteqrasiya etdi. İri xarici sərmayələr ölkəyə cəlb olundu. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng ixrac kəmərlərinin təməli qoyuldu. Azərbaycan MDB adı altında maskalanmış iqtisadi məngənədən xilas oldu və dövlətimiz müstəqil siyasət apardığını bir daha dünyaya nümayiş etdirdi. 2002-ci ildə Azərbaycanın NATO Parlament Assambleyasına assosiativ üzv seçilməsi də bu müstəqil siyasətin davamı idi. Ulu Öndər Heydər Əliyev pillə-pillə yeni Azərbaycanın təməlini qoyurdu.
Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağda məsələsində əldə olunmuş atəşkəsdən sonra münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandıqdan sonra Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazıldı. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir.
Qismət Həbibov
YAP Biləsuvar rayon təşkilatının Yuxarı Ağalı kənd ərazi partiya təşkilat sədri