44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə “MTK” şirkətinin Biləsuvar filialının kollektivi şəhidlərimizin əziz xatirəsini anıb.
"Bilesuvarinfo" xəbər verir ki, keçirilən anım mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən filialın direktoru Qulamhüseyin Əliyev qeyd edib ki, şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq hər zaman xalqımızın yaddaşında yaşayacaq. O bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətən övladlarının xatirəsi daim ehtiramla anılmalıdır.
Digər çıxış edənlər də vurğulayıblar ki, 30 il işğal altında qalan torpaqlarımızın azad olunması şəhid və qazilərimizin fədakarlığı, həmçinin Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində mümkün olub. Bu tarixi zəfər ölkəmizə böyük sevinc və qürur yaşadıb, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd olunur.
Allah şəhidlərimizə rəhmət eləsin!