Geri qayıt Çap et

Zamin Həsənov – insanlara şəfa, həyata ümid bəxş edən ömür yolu

Elə insanlar var ki, onların həyat yolu təkcə şəxsi uğurların deyil, həm də cəmiyyətə xidmətin, insanlara faydalı olmağın nümunəsidir. Belə insanların peşə fəaliyyəti ilə şəxsiyyəti bir-birini tamamlayır, gördükləri işlər isə illər keçdikcə daha böyük məna qazanır. Bu gün haqqında söz açdığımız Zamin Həsənov da məhz belə insanlardandır.

İxtisasca otorinolarinqoloq (LOR həkimi) olan Zamin Həsənovun peşə yolu məsuliyyətli və şərəfli bir missiyanın – insan sağlamlığının qorunmasına xidmətin üzərində qurulub. Onun həkimlik fəaliyyəti hərbi tibbi xidmətlə başlayıb. Hərbi həkimlik məktəbinin formalaşdırdığı intizam, məsuliyyət və peşə borcuna sədaqət sonrakı fəaliyyətində də mühüm rol oynayıb. Daha sonra Biləsuvar rayonunda və qonşu cənub bölgəsinin bir sıra tibb müəssisələrində çalışaraq bilik və təcrübəsini insanların sağlamlığı naminə səfərbər edib.
Zaman keçdikcə onun peşəkar fəaliyyəti bölgədə özünəməxsus yer qazanıb. Zamin Həsənovun həkim kimi əsas üstünlüklərindən biri ixtisasına dərindən bələd olması, təcrübəsini daim praktik fəaliyyətlə zənginləşdirməsi və xəstələrin sağlamlığına məsuliyyətlə yanaşmasıdır. İstedadlı həkim üçün peşə yalnız gündəlik iş deyil, həm də insan taleyi qarşısında mənəvi məsuliyyətdir.
Onun bölgə səhiyyəsinə verdiyi töhfələrdən danışarkən bir məqamı xüsusi qeyd etmək lazımdır. Vaxtilə bir sıra LOR xəstəliklərinin müalicəsi və cərrahi əməliyyatlar üçün bölgə sakinləri Bakıya üz tutmağa məcbur qalırdılar. Bu isə xəstələr və onların ailələri üçün əlavə vaxt, maddi xərc, yol yorğunluğu və müəyyən çətinliklər demək idi. Bu gün isə Zamin Həsənovun peşəkar fəaliyyəti sayəsində bir çox ixtisaslaşmış müayinə və cərrahi müdaxilələrin bölgənin özündə həyata keçirilməsi mümkün olub.
Bu, ilk baxışdan sıradan bir tibbi xidmət kimi görünə bilər. Əslində isə bunun arxasında böyük zəhmət, peşəkar təcrübə, məsuliyyət və bölgə insanlarına xidmət amalı dayanır. İnsanların öz doğma yurdlarında, ailələrinin yanında müalicə alması, vaxtilə uzaq məsafələr qət etməklə əldə edə bildikləri tibbi yardıma indi yaşadıqları bölgədə çatması mühüm sosial əhəmiyyət daşıyır. Belə fəaliyyət həm bölgə səhiyyəsinin imkanlarını genişləndirir, həm də ixtisaslı həkim əməyinin cəmiyyət üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.
Əsl həkimlik yalnız tibbi bilik və cərrahi bacarıqdan ibarət deyil. Bu peşə həm də səbir, diqqət, insanı dinləmək, onun narahatlığını bölüşmək və hər bir xəstəyə fərdi yanaşmaq bacarığı tələb edir. Həkimin uğuru bəzən bir əməliyyatın nəticəsində, bəzən sağalmış xəstənin təbəssümündə, bəzən də vaxtilə ümidsiz görünən bir insanın yenidən həyata inamla baxmasında təcəssüm edir.
Zamin Həsənovun fəaliyyətini dəyərləndirərkən onun yalnız peşəkar keyfiyyətlərini deyil, insani xüsusiyyətlərini də qeyd etmək yerinə düşər. Çünki insanı insan edən təkcə qazandığı bilik, tutduğu mövqe və gördüyü işlər deyil, həm də ətrafındakılarla münasibəti, dostluğa sədaqəti, səmimiyyəti və etibarıdır. Dostları arasında özünə hörmət qazanan Zamin bəy münasibətlərdə səmimiyyətə, dostluqda sədaqətə xüsusi dəyər verən insanlardandır. Onunla ünsiyyətdə olanlar üçün bu keyfiyyətlər, bəlkə də, peşə uğurları qədər qiymətlidir.
Bu gün doğum günü münasibətilə onun həyat və fəaliyyətinə nəzər salarkən bir həqiqəti xüsusi vurğulamaq istəyirik: insanın ömrü yalnız özü üçün yaşadığı illərlə deyil, başqalarının həyatına qatdığı dəyərlə ölçülür. Zamin Həsənovun həkimlik fəaliyyəti, bölgə sakinlərinin sağlamlığı naminə gördüyü işlər, peşəsinə bağlılığı və dostluğa sədaqəti onun ömür yolunun mənalı səhifələridir.
Əziz Zamin həkim!
Doğum günün mübarək! Arzu edirik ki, bu günə qədər insanlara bəxş etdiyin sağlamlıq sevinci, göstərdiyin diqqət və qayğı sənə həyatın ən gözəl nemətləri ilə qayıtsın. Həmişə sağlam, gümrah, sevdiklərinin əhatəsində, dostlarının hörmət və məhəbbəti içində olasan. Peşəkar fəaliyyətində yeni uğurlar qazanasan, şəfa verdiyin insanların xoş duası və minnətdarlığı hər zaman yolunu işıqlandırsın.
Çünki həkimin ən böyük mükafatı sağaltdığı insanın həyata qayıdan təbəssimi, insanın ən böyük sərvəti isə qazandığı etibar və yaddaşlarda qoyduğu xoş izdir.
Dostları adından, dərin hörmət, səmimi ehtiram və ən xoş arzularla.
Surxay Şahbazov