Geri qayıt Çap et

Biləsuvarın yağışlı küçələri: dövlət vəsaiti, məsuliyyət və cavabsız suallar

Yenə payız gəldi. İlk yağışlarla Biləsuvar şəhərinin küçələrində yaranan gölməçələr illərdir həllini tapmayan köhnə problemi yenidən gündəmə gətirdi. Yağış yağır, küçələr su ilə dolur, yolların bəzi hissələri keçilməz vəziyyətə düşür. İnsanlar haqlı olaraq soruşurlar: dövlət vəsaiti hesabına həyata keçirilmiş böyük bir infrastruktur layihəsi niyə bu gün də şəhər sakinlərinə rahatlıq gətirmək əvəzinə, yeni problemlər yaradır?

Xəyallar məni 2000-ci illərin əvvəllərinə, cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsi ərəfəsinə aparır. Həmin illərdə ölkəmizin sosial-iqtisadi inkişafı, bölgələrin problemlərinin həlli və insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində yeni dövlət proqramları hazırlanır, mühüm addımlar atılırdı. Bu tarixi təşəbbüslərdən biri də Biləsuvar şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi idi. Layihə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına (2004–2008-ci illər) daxil edilmişdi.
Nəticədə Biləsuvar şəhərinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldü, ekoloji baxımdan təmiz içməli su ilə təminat yaradıldı və kanalizasiya şəbəkəsinin qurulmasına başlanıldı. Nəzərdə tutulan müddətdən artıq olsa da, nəhayət, tikinti işləri başa çatdırıldı, podratçı şirkət layihə üzrə işlərini təhvil verərək rayondan getdi.
Tikinti dövründə şəhər sakinləri yaranan çətinliklərə səbir və anlayışla yanaşırdılar. Hamı düşünürdü ki, bu müvəqqəti narahatlıqların əvəzində Biləsuvar müasir kanalizasiya sisteminə qovuşacaq, küçələrimiz abadlaşacaq, yağışlı havalarda yollarımız gölməçələrdən xilas olacaq.
Amma atalar demişkən, qızınmaq istəyərkən istidən yox, tüstüdən kor oluruq... Təəssüf ki, gözləntilər özünü doğrultmadı. Kanalizasiya şəbəkəsinin istismara verilməsindən illər keçməsinə baxmayaraq, tikinti zamanı yarandığı bildirilən problemlər bu gün də davam edir. Bəzi ərazilərdə isə vəziyyət daha da ağırlaşıb.
Sadalanası nöqsanlar az deyil. Yollarda bərkitmə işlərinin keyfiyyətsiz aparılması nəticəsində yeni asfalt örtüklərində çökmələr yaranıb. Kanalizasiya quyularının bir hissəsi torpaq və asfalt örtüyünün altında qalıb. Sistemin ayrı-ayrı ərazilərdə normal işləmədiyi barədə şikayətlər də sakinlərin əlavə çətinliklərlə üzləşməsinə səbəb olur.
Bütün bu problemləri sadalamaqla kifayətlənmək istəmirəm. Diqqəti xüsusilə şəhərin mərkəzi küçələrində — Heydər Əliyev prospektində, Mübariz İbrahimov və Axundov küçələrində yağışlı havalarda yaranan acınacaqlı vəziyyətə yönəltmək istəyirəm. Vaxtilə bu küçələrdə yağış sularının torpaq örtüyünə hopmasını təmin edən küvetlər mövcud idi. Həmçinin, kanalizasiya işlərinə başlanılmasından bir müddət əvvəl Nizami və Heydər Əliyev küçələrinin müəyyən hissələrində toplanan yağış sularının Bolqarçaya axıdılması məqsədilə beton örtüklü arxlar da çəkilmişdi. Lakin kanalizasiya xətlərinin çəkilişi zamanı bu sistem də məhv edildi.
Bu küçələrin indiki vəziyyəti, sözün əsl mənasında, ciddi narahatlıq doğurur. Yağan yağış suları bir sıra ərazilərdə yollarda toplanır, nəqliyyat vasitələrinin və piyadaların hərəkətini çətinləşdirir. Vaxtilə yağış sularının kənarlaşdırılması üçün yaradılmış sistemlərin sıradan çıxarıldısa, sual doğurur: yeni infrastruktur qurularkən mövcud drenaj imkanlarının qorunması və ya onların əvəzinə daha səmərəli sistemin yaradılması niyə təmin edilməyib?
Daha ciddi narahatlıq doğuran məqamlardan biri də həmin ərazidə mərkəzi kanalizasiya sisteminin normal işləməməsi ilə bağlı iddialardır. Heydər Əliyev prospekti ilə Mərkəzi parka doğru hərəkət edərkən yolun ayrı-ayrı hissələrində yaranan çökmələr, hesab edirəm ki, heç kimin diqqətindən yayınmayıb.
Həmin ərazidə kanalizasiya xəttində tutulmanın uzun müddətdir mövcud olması barədə də söhbətlər dolaşır. Bildirilir ki, xəttə tutulma səbəbindən yeraltı sızmalar torpağın yuyulmasına, yol yatağının zəifləməsinə və nəticədə çökmələrin artmasına səbəb ola bilər. Ərazidə kanalizasiya sularının nasoslar və yerüstü borular vasitəsilə bir quyudan digərinə ötürülməsinə vaxtaşırı ehtiyac yarandığı barədə məlumatlardır. Burada yeraltı kommunikasiya xətlərinin vəziyyəti, torpağın dayanıqlılığı və insanların təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Bakıda yaxın vaxtlarda yeraltı kanalizasiya şəbəkəsində sızma nəticəsində baş vermiş faciəni xatırlasaq, sabah oxşar hadisənin Biləsuvarda təkrarlanmayacağına kim zəmanət verə bilər? 
Haqqında danışdığımız problemlər illərdir davam edir. Əgər mövcud vəziyyət sakinlərin bildirdiyi kimidirsə, onda haqlı sual yaranır: müasir kanalizasiya şəbəkəsi hansı səbəbdən bu vəziyyətə düşüb? Bu sistemin qurulmasına ayrılan dövlət vəsaiti hansı nəticəni verməli idi, faktiki vəziyyət isə nəyi göstərir?. Heç kim istəməz ki, vaxtında aradan qaldırılmayan texniki problemlər gələcəkdə daha ağır fəsadlara səbəb olsun. Ona görə də məsələni yalnız yağış yağanda yaranan gölməçələr kimi qiymətləndirmək düzgün olmazdı. Burada şəhər infrastrukturunun təhlükəsizliyi, dövlət vəsaitinin səmərəli istifadəsi və vətəndaşların gündəlik rahatlığı məsələsi dayanır.
Bəs bu işə imza atanlar, layihənin icrasına nəzarət edənlər, görülmüş işləri qəbul edənlər bu gün yaranmış mənzərə ilə qarşılaşanda nə düşünürlər? Görəsən, illər əvvəl həyata keçirilmiş bu layihənin hazırkı vəziyyəti onların heç olmasa bir anlıq məsuliyyət hissini oyadırmı?
Cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bölgələrin inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması və müasir infrastrukturun yaradılması məqsədilə mühüm dövlət proqramları həyata keçirilib. Bu proqramların icrası üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. Həmin vəsait xalqın rifahına xidmət etməli, görülən işlər isə uzun illər ərzində öz faydasını göstərməlidir. Əgər hansısa vəzifəli şəxs öz məsuliyyətinə laqeyd yanaşırsa, tikinti işlərində yol verilmiş nöqsanlara göz yumursa, keyfiyyətsiz işlərin qəbuluna şərait yaradırsa və ya dövlət vəsaitinin mənimsənilməsinə yol verirsə, bu, sadəcə təsərrüfat nöqsanı deyil. Belə hallar dövlətin maraqlarına və dövlət proqramlarının nüfuzuna ciddi zərbə vura bilər.
Məhz buna görə də sualımızı açıq şəkildə qoyuruq: dövlətin ayırdığı külli miqdarda vəsait hesabına həyata keçirilən layihənin illər sonra belə problemlərlə müşayiət olunması dövlət qarşısında məsuliyyətsizlik deyilmi? Əgər araşdırma nəticəsində dövlət vəsaitinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya digər qanun pozuntuları təsdiqlənərsə, bunu dövlətin və xalqın maraqlarına xəyanət adlandırmaq olmazmı?
Mən bu mövzuda dəfələrlə yazmışam. Hər dəfə isə təxminən eyni cavabı eşitmişəm: “Nə qədər yazacaqsan? Podratçı şirkət işini çoxdan təhvil verib. Problem rayonun üzərində qalıb. Bunu aradan qaldırmaq isə yerli imkanlar hesabına mümkün deyil”.
Əgər həqiqətən də problem rayonun üzərində qalıbsa və onun həlli yerli imkanlar hesabına mümkün deyilsə, bu, məsuliyyətdən yayınmaq üçün əsas ola bilərmi? Podratçı şirkətin işini təhvil verməsi layihənin keyfiyyəti ilə bağlı bütün sualları aradan qaldırırmı? Görülmüş işlərə zəmanət öhdəlikləri, texniki qəbul sənədləri və layihənin istismar vəziyyəti yenidən nəzərdən keçirilməməlidirmi?
Düşünürük ki, Biləsuvar sakinləri illərdir davam edən bu problemin həlli ilə bağlı nəhayət konkret nəticə görməlidirlər. Biləsuvar şəhərinin kanalizasiya şəbəkəsinin tikintisi və istismarı zamanı yol verilmiş nöqsanlar niyə bu günədək hərtərəfli araşdırılmamalıdır? Dövlət vəsaiti hesabına həyata keçirilmiş belə bir layihənin hazırkı vəziyyətə düşməsinin səbəbləri müəyyənləşdirilməli, görülmüş işlərin keyfiyyəti və ayrılmış vəsaitin təyinatı üzrə istifadəsi yoxlanılmalı, məsul şəxslərin fəaliyyəti hüquqi qiymətləndirilməlidir.
Axı söhbət təkcə kanalizasiya xəttindən, çökmüş yollardan və yağış sularının yaratdığı gölməçələrdən getmir. Söhbət dövlət vəsaitinə münasibətdən, vətəndaşların rahatlığından və xalqın rifahı naminə həyata keçirilən dövlət proqramlarının real nəticələrindən gedir. Bu məsələyə aydınlıq gətirmək, mövcud nöqsanları aradan qaldırmaq və təqsirli şəxslər varsa, onların məsuliyyətini müəyyənləşdirmək həm dövlət qurumlarının vəzifəsi, həm də ictimaiyyətin haqlı tələbidir.
Cənab Prezident İlham Əliyev dəfələrlə ictimai nəzarətin əhəmiyyətini vurğulayıb. İctimai nəzarət dövlət proqramlarının səmərəli icrasına, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə və mövcud nöqsanların vaxtında aşkar edilməsinə xidmət edir. Buna görə də hər bir vətəndaş yaşadığı ərazidə görülən işlərə münasibət bildirməli, dövlət əmlakının qorunmasına və həyata keçirilən layihələrin keyfiyyətinə biganə qalmamalıdır.
Biləsuvarın küçələrində hər yağışdan sonra yaranan gölməçələr sadəcə su yığıntısı deyil. Onlar illərdir cavab gözləyən sualların, həllini tapmayan problemlərin və ictimaiyyətin haqlı narazılığının da rəmzinə çevrilib.
Dövlətə sədaqət təkcə sözlə deyil, məsuliyyətli işlə, vicdanla və xalqa xidmətlə sübut olunur. Prezidenti sevdiyini söyləmək yalnız xoş sözlər deməkdən ibarət deyil. Dövlətin maraqlarını qorumaq, görülən işlərdəki nöqsanlara qarşı prinsipial mövqe tutmaq da vətəndaşlıq məsuliyyətidir. Dövlətə sevgi onun uğurlarına  sevinməklə yanaşı, dövlətin adına və nüfuzuna xələl gətirən hallara qarşı mübarizə aparmağı da tələb edir.
Ümid edirik ki, aidiyyəti qurumlar bu suallara biganə qalmayacaq, Biləsuvar şəhərinin kanalizasiya şəbəkəsindəki problemlərin səbəbləri obyektiv və hərtərəfli araşdırılacaq, mövcud təhlükələr aradan qaldırılacaq və məsələ nəhayət öz həllini tapacaq.
Qələmə aldıı:;Surxay Şahbazov