Biləsuvar rayonunda qadınların məşğulluğuna töhfə verən tikiş sexinin fəaliyyətini dayandırması burada çalışan xanımların narahatlığına səbəb olub. Qısa müddət ərzində bir sıra qadınlar üçün həm iş, həm də peşə öyrənmək məkanına çevrilən müəssisənin bağlanması onların gələcək məşğulluq imkanlarını sual altında qoyub.
Müəssisədə çalışan 10-dan artıq xanım bu barədə “Biləsuvarinfo”ya müraciət edərək yaranmış vəziyyətdən narahatlıqlarını ifadə ediblər. Onların sözlərinə görə, uzun müddət işsizlik problemi yaşayan qadınlar üçün yeni yaradılan tikiş sexində çalışma imkanı əsl çıxış yolu olub. Burada qazandıqları vəsaitlə ailələrinin maddi ehtiyaclarının qarşılanmasına, övladlarının təhsil və gündəlik xərclərinin ödənilməsinə dəstək veriblər.
Qadınlar bildirirlər ki, ölkədə regionlarda məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər Biləsuvarda da müəyyən təşəbbüslərlə müşayiət olunub. Sahibkarlığın inkişafı və yeni müəssisələrin yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Belə təşəbbüslərdən biri də Bakı şəhərində uzun illər tikiş sahəsində fəaliyyət göstərmiş, bu sahədə təcrübə qazanmış həmyerlimiz Cəmil Xanqulu oğlu Əzizalının Biləsuvarda tikiş sexi yaratması olub.
2025-ci ilin yanvar ayında fəaliyyətə başlayan müəssisə qısa müddətdə rayonun qadınları üçün mühüm məşğulluq məkanına çevrilib. Burada onlarla xanım dərzilik sənətinə yiyələnib, təşkil olunan kurslar vasitəsilə gənc qadınlara bu peşənin incəlikləri öyrədilib.
İşçilərin sözlərinə görə, müəssisədə mehriban və səmimi kollektiv formalaşmışdı. Xanımlar burada yalnız əmək fəaliyyəti ilə məşğul olmur, eyni zamanda yeni peşə öyrənir, təcrübə qazanır və ailələrinin dolanışığına maddi töhfə verirdilər.
Lakin təxminən 10 gün əvvəl işçilərə müəssisədə müvəqqəti çətinliklərin yarandığı və fəaliyyətin dayandırılacağı barədə məlumat verilib. Sonradan isə tikiş sexinin fəaliyyətini tamamilə dayandırdığı bildirilib. Bu xəbər kollektivdə ciddi məyusluq yaradıb.
Qadınlar hazırda yenidən işsiz qalmaqla üzləşdiklərini, xüsusilə də rayon şəraitində qısa müddətdə başqa iş tapmağın onlar üçün asan olmayacağını deyirlər.
Qeyd edək ki, işçilərin bildirdiyinə görə, müəssisənin bağlanmasının konkret səbəbi onlara açıqlanmayıb. Bununla belə, son vaxtlar sahibkarın istehsal olunan məhsulların satışı ilə bağlı müəyyən çətinliklərlə üzləşdiyi barədə məlumatları olub. Bu məlumatın müəssisənin fəaliyyətini dayandırmasının əsas səbəbi olub-olmadığı isə hələlik məlum deyil.
Beləliklə, regionda qadınların məşğulluğuna, peşə hazırlığına və ailələrin sosial rifahına töhfə verən bir müəssisənin fəaliyyətini dayandırması diqqətəlayiq məsələdir. Axı yeni iş yerlərinin yaradılması qədər, onların davamlı fəaliyyətinin təmin olunması da vacibdir.
İndi əsas sual budur: Biləsuvarda qadınların ümid yerinə çevrilmiş bu tikiş sexinin fəaliyyətini bərpa etmək, iş yerlərini qorumaq və çalışan xanımların yenidən məşğulluğunu təmin etmək mümkündürmü?
Məsələ ilə bağlı sahibkarın və aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırıq. Onların açıqlamalarını dərc etməyə də hazırıq.