Biləsuvarın təbii-iqlim şəraitini nəzərə alsaq, bu torpaqda hər bir ağacın, hər bir yaşıllıq zolağının nə qədər böyük əhəmiyyət daşıdığını anlamaq çətin deyil. İsti və quraq iqlim, meşəlik ərazilərin yoxluğu yaşıllıqları burada sadəcə gözəllik və istirahət elementi deyil, həm də sağlam həyat mühitinin, ekoloji tarazlığın və insanların rahatlığının mühüm şərtinə çevirir. Məhz buna görə Biləsuvar şəhərinin Mərkəzi Parkı sakinlər üçün adi istirahət məkanından daha böyük məna daşıyır. Bura şəhərin yaşıl nəfəsi, yay istisində kölgəsinə sığınılan, təmiz havası ilə insana rahatlıq bəxş edən əvəzsiz bir məkandır.
Mərkəzi Parkın tarixi də maraqlı və diqqətəlayiqdir. 1960-cı illərdə salındığı deyilən bu istirahət guşəsi ötən onilliklər ərzində şəhərin həyatında özünəməxsus yer tutub. Müxtəlif dövrlərdə fərqli adlarla tanınsa da, bu gün Mərkəzi Park adı ilə Biləsuvar sakinlərinin yaddaşında və gündəlik həyatında yaşayır. 2005–2006-cı illərdə burada həyata keçirilən əsaslı yenidənqurma işləri və yaşıllıqların artırılmasına göstərilən diqqət parkın daha əlverişli istirahət məkanına çevrilməsinə xidmət edib.
Təəssüf ki, belə bir dəyərli məkan da müəyyən dövrlərdə baxımsızlıqdan kənarda qalmayıb. Vaxtilə dövlət vəsaiti hesabına yaradılmış, sakinlərin istirahətinə xidmət edən parkın sonrakı illərdə əvvəlki görkəmini itirməsi haqlı narahatlıq doğururdu. Axı meşəsi, çayı olmayan, yay aylarında qızmar günəşin təsirinə daha çox məruz qalan Biləsuvar üçün belə bir yaşıllıq məkanının əhəmiyyəti ölçüyəgəlməzdir. Onun qorunması və inkişaf etdirilməsi təkcə abadlıq məsələsi deyil, həm də şəhərin ekoloji gələcəyinə, sakinlərin sağlam və rahat həyatına göstərilən münasibətin ifadəsidir.
Nəhayət, 2021-ci ildən Mərkəzi Parkda yenidən canlanma başladı. Uzun müddət baxımsız vəziyyətdə qalan ərazidə Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən genişmiqyaslı abadlıq və yenidənqurma işlərinə start verildi. İlk növbədə təmizlik işləri aparıldı, mövcud piyada yollarına müasir üzlük daşlar döşəndi, yeni səkilər salındı. Yaşıllıq sahələrinin suvarılmasını təmin etmək məqsədilə artezian quyuları vasitəsilə suvarma sistemi yaradıldı. İşıqlandırma sisteminin qurulması, yeni oturacaqların yerləşdirilməsi, idman qurğularının yenilənməsi, futbol və voleybol meydançalarının təmiri parkın müasir və funksional istirahət məkanına çevrilməsinə yönəlmiş mühüm addımlar idi.
Bununla belə, görülən işlər arasında ən böyük əhəmiyyət daşıyan istiqamətlərdən biri yaşıllıq sahələrinin genişləndirilməsi oldu. Çünki Biləsuvar kimi quraq iqlimə malik bir bölgədə parkın dəyərini ilk növbədə onun ağacları, kölgəli guşələri və yaşıl örtüyü müəyyən edir.
2021-ci ildə Mərkəzi Parkın ərazisinin əlavə olaraq 2,7 hektar genişləndirilməsi və burada Vətən bağının salınması bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Yeni ərazidə 3000-dən artıq həmişəyaşıl və digər ağacın əkilməsi şəhərin yaşıllıq potensialının artırılması istiqamətində mühüm töhfə idi. Bu gün həmin ağacların böyüyərək qol-budaq atması, əraziyə xüsusi gözəllik və canlılıq bəxş etməsi vaxtilə atılan addımların bəhrəsini göstərir.
Əslində, ağac əkmək böyük bir işin yalnız başlanğıcıdır. Əsas məsələ onu yaşatmaq, böyütmək və gələcək nəsillərə sağlam şəkildə çatdırmaqdır. Xüsusilə suvarmanın mühüm əhəmiyyət daşıdığı Biləsuvar şəraitində hər bir ağacın inkişafı davamlı qulluq, diqqət və məsuliyyət tələb edir. Bu gün əkilmiş ağacların böyüyərək əraziyə kölgə salması məhz belə yanaşmanın nəticəsidir.
Parkın genişləndirilmiş hissəsində salınan yeni piyada yolları da sakinlərin istirahət imkanlarını xeyli artırıb. Artıq Mərkəzi Parkda başlayan gəzintini yeni yaradılmış ərazi boyunca davam etdirmək, daha geniş yaşıllıq sahələrində dincəlmək, təmiz havadan və təbiətin gözəlliyindən zövq almaq mümkündür. Beləliklə, park yalnız ərazi baxımından deyil, insanların istirahət imkanları baxımından da yeni mərhələyə qədəm qoyub.
Yaşıllaşdırma və abadlıq işləri bununla da məhdudlaşmadı. Növbəti mərhələdə Qəhrəmanlar bağının salınması ilə şəhərin yaşıl məkanlarının genişləndirilməsi istiqamətində daha bir mühüm addım atıldı. Burada əlavə 2000 ağacın becərilməsi Biləsuvarın ekoloji mühitinə verilən töhfənin davamı oldu. Xüsusilə Vətən və Qəhrəmanlar bağlarının adları, daşıdıqları mənəvi yük bu məkanlara daha dərin məna qazandırır. Burada əkilən hər bir ağac həm təbiətə bəxş edilən həyat, həm də Vətənə, onun qəhrəmanlarına və gələcək nəsillərə ünvanlanan yaşıl ərməğandır.
Görülən işlərin keyfiyyətli və uzunömürlü olması da diqqət mərkəzində saxlanılıb. Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının baş mühəndisi Qeyrətəli Məmmədov həmin dövrdə görülən işlər barədə məlumat verərkən parkda yeni yaşıllıq sahələrinin salındığı ərazilərdə işıqlandırma sisteminin qurulması və piyada səkilərinin çəkilişinin həyata keçirildiyini bildirmişdi. Onun sözlərinə görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov mütəmadi olaraq ərazidə olub, işlərin səmərəli və uzunömürlü aparılması üçün tapşırıq və tövsiyələrini verib.
Layihə çərçivəsində səkilərin salınacağı ərazilər hamarlanıb, səki daşları qoyulub, dekorativ ağac və gül kollarının suvarılması üçün yeni su xəttinin çəkilməsi nəzərdə tutulub. Bütün bu tədbirlərin başlıca məqsədi yaradılan gözəlliyin müvəqqəti xarakter daşımaması, uzun illər ərzində sakinlərin istifadəsində qalması və daha da inkişaf etdirilməsidir.
Mərkəzi Parkda ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin qorunması və yaşıllıqların sağlamlaşdırılması məqsədilə keçirilən iməcilik və abadlıq aksiyaları da bu istiqamətdə görülən işlərin davamlılığını nümayiş etdirir. Belə aksiyalar zamanı yabanı otlar biçilir və ərazidən daşınır, təmizlik işləri aparılır, ağaclar suvarılır, yaşıllıq sahələrinə qulluq göstərilir. Bütün bunlar bir həqiqəti təsdiqləyir: parkın gözəlliyi yalnız onun salınması ilə deyil, gündəlik qayğı, diqqət və zəhmətlə qorunub saxlanılır.
Əlbəttə, Mərkəzi Parkda son illərdə görülən işlər, ərazinin genişləndirilməsi və minlərlə ağacın əkilməsi təqdirəlayiqdir. Lakin Biləsuvarın iqlim xüsusiyyətləri nəzərə alınarsa, yaşıllıqların qorunması və artırılması istiqamətində görüləcək işlərin heç vaxt yekunlaşmadığı aydın görünər. Bu sahədə fəaliyyət davamlı olmalı, əkilən ağacların inkişafı mütəmadi nəzarətdə saxlanılmalı, suvarma və qulluq məsələləri daim diqqət mərkəzində olmalıdır. Yeni yaşıllıq sahələrinin yaradılması ilə yanaşı, mövcud ağacların qorunması da əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməlidir.
Unutmaq olmaz ki, Biləsuvarda bir ağacın böyüməsi, bir yaşıllıq zolağının genişlənməsi şəhərin gələcəyinə qoyulan sərmayədir. Bu gün torpağa əkilən kiçik bir ting sabah uşaqlarımızın kölgəsində dincələcəyi, sakinlərimizin yay istisindən qorunacağı, şəhərin havasına təravət qatacaq təbii sərvətə çevrilir. Deməli, bu gün görülən hər bir yaşıllaşdırma işi təkcə indiki nəslin deyil, gələcək nəsillərin də rifahına xidmət edir.
Mərkəzi Parkda son illər yaradılan yeniliklər, genişləndirilən yaşıllıq sahələri, böyüyüb inkişaf edən minlərlə ağac Biləsuvarın simasına yeni rəng, şəhərin həyatına isə yeni nəfəs gətirir. Bu parkın timsalında bir daha görürük ki, təbiətə münasibət yalnız görülən işlərin miqyası ilə deyil, onların nəticəsini qorumaq, inkişaf etdirmək və gələcəyə ötürmək bacarığı ilə ölçülür.
Bu gün Mərkəzi Park Biləsuvarın yaddaşında yaşayan tarixin, müasir abadlıq təşəbbüslərinin və gələcəyə yönələn ekoloji düşüncənin qovuşduğu məkandır. Onun hər bir ağacı, hər bir yaşıllıq zolağı şəhərin sabahına ünvanlanan ümiddir. Bu ümidin böyüməsi, kök salması və gələcək nəsillərə çatması üçün isə hər bir ağac qorunmalı, hər bir yaşıllıq qayğı ilə əhatə olunmalı, bu istiqamətdə diqqət və məsuliyyət daim davam etdirilməlidir.
Çünki Biləsuvarın yaşıl gələcəyi bu gün əkilən ağacların sabah necə qorunacağından başlayır. Mərkəzi Park isə bu gələcəyin ən gözəl nümunələrindən biridir.
Qələmə aldı: Surxay Şahbazov




