Geri qayıt Çap et

Səyyar qəbullarda qaldırılan problemlərin həlli istiqamətində işlər davam etdirilir

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbullarında vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir.

“Biləsuvarinfo” 
xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar görüş-qəbullar zamanı sakinlər tərəfindən irəli sürülən müraciətlər qısa müddətdə müvafiq qurumlar tərəfindən icra olunur.
Belə ki, Amankənd kəndində keçirilən səyyar qəbul zamanı sakinlərin bir küçənin, Dərvişli kəndində keçirilən qəbul zamanı isə iki küçənin qumlanması ilə bağlı müraciətləri Amankənd bələdiyyəsi tərəfindən yerinə yetirilib.
Yuxarı Cürəli kəndində keçirilən səyyar qəbulda Cənubi Muğan kanalının lildən təmizlənməsi ilə bağlı qaldırılan məsələ Biləsuvar Su Meliorasiya Sistemləri İstismar İdarəsi tərəfindən həll olunub. Mülkiyyətçilərin əkin sahələrinin yaxınlığında yerləşən şor kollektorunun qazılması ilə bağlı müraciət isə Mərkəzi Muğan Kollektorlar İdarəsi tərəfindən icra edilib.
Bəydili kəndində keçirilən qəbul zamanı yeni salınmış Heydər Əliyev Parkının giriş hissəsinin abadlaşdırılması ilə bağlı qaldırılan məsələ Bəydili bələdiyyəsi tərəfindən həyata keçirilib.
Günəşli kəndində keçirilən səyyar qəbul zamanı sakinlərin şəhid Müşfiq Xosuzadə küçəsinin 200 metrlik hissəsinin qumlanması ilə bağlı müraciəti də Ağayrı bələdiyyəsi tərəfindən icra olunub.
Vətəndaş müraciətlərinin operativ şəkildə həlli rayon ərazisində infrastrukturun yaxşılaşdırılması və sakinlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərin tərkib hissəsidir.