5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər.
"Bilesuvarinfo" xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrlərinə əsasən, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətləri və təhsilin inkişafına verdikləri töhfələrə görə bir qrup təhsil işçisi müxtəlif mükafatlara layiq görülüb.
Təltif olunanlar arasında Mübariz İbrahimov adına Təhsil Kompleksinin iki müəllimi də var.
Kompleksin fizika müəllimi və Fizika kafedrasının müdiri Siyasət İsayev “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Kompleksin kimya fənni üzrə baş müəllimi Gülnarə Dadaşovaya isə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim edilib.
Bundan başqa, Biləsuvar şəhər Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili müəllimi Səidə Qəhrəmanova və biologiya müəllimi Zəhra Ağazadə də “Fəxri Fərman”la təltif ediliblər.
Təltiflər müəllimlərin uzunillik və səmərəli pedaqoji fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsinə, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsinə verdikləri töhfələrin qiymətləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, müəllimlərin təltif olunması 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil sahəsində çalışanların əməyinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.