Geri qayıt Çap et

Biləsuvarla Özbəkistanın Termez şəhəri qardaşlaşır

Məlum olduğu kimi, bu günlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında IV Regionlararası Forum keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, forumun keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanla dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi əhəmiyyətin, eləcə də iki ölkə arasında regional səviyyədə iqtisadi-ticari əməkdaşlığın daha da gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi istiqamətində atılan addımların növbəti nümunəsidir.
Forum iki ölkə arasında mövcud potensialın reallaşdırılması, işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşlarının təşviqi baxımından mühüm platforma olub.
Tədbirdə hər iki ölkənin dövlət rəsmiləri, region rəhbərləri, investisiya agentliklərinin nümayəndələri və aparıcı işgüzar dairələrin təmsilçiləri iştirak ediblər. Görüşlər zamanı sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Forumda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da iştirak edib. O, görüşdə çıxışı zamanı Biləsuvar rayonu haqqında ətraflı məlumat verib. Azərbaycan–Özbəkistan xalqları arasında keçirilən regionlararası forumların ölkələrimizin regionları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sosial, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Forum çərçivəsində Faiq Qürbətov Surxandərya vilayət hakimiyyətinin müavini Şerali Xolmaxamadoviç Jorayev və Surxandərya vilayətinin Termez şəhərinin icra başçısı (hakimi) Şarofiddin Usanoviç Lolayevlə də görüşüb.
Görüşlər zamanı Biləsuvar rayonu ilə Termez şəhəri, eləcə də iki region arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi, sosial, mədəni və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Tərəflər qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və qardaşlaşmış şəhərlər arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 2024-cü il mayın 21-də Quba şəhərində keçirilən II Azərbaycan–Özbəkistan Regionlararası Forumu çərçivəsində Biləsuvar rayonu ilə Özbəkistanın Termez şəhəri arasında qardaşlaşma protokolu imzalanıb.