Geri qayıt Çap et

Biləsuvar xəstəxanasında KT kabinetinin fəaliyyəti bərpa edildi

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə tibbi xidmətin daha operativ və rahat təşkili istiqamətində məqsədyönlü işlər davam etdirilir.

“Bilesuvarinfo”nun məlumatına görə, xəstəxananın Şüa diaqnostika şöbəsində Kompüter Tomoqrafiyası (KT) kabinetinin fəaliyyəti bərpa olunub.
Kabinetin 2023-cü ildən fəaliyyət göstərməməsinin əsas səbəbi ixtisaslı mütəxəssisin olmaması idi. Yaxın vaxtlarda bu sahə üzrə həkim fəaliyyətə başlayıb, həmçinin KT avadanlığında zəruri texniki işlər yekunlaşdırılaraq kabinet yenidən istifadəyə verilib.
Qeyd edək ki, KT xidmətinin bərpa olunması rayon sakinləri üçün mühüm əhəmiyyət kəsb edir. Sakinlərin uzun illər ərzində diaqnostik müayinələr üçün digər bölgələrə üz tutarkən həm vaxt, həm də əlavə xərclərlə üzləşməməsi üçün etdikləri müraciətlər cavabsız qalmışdı.
Həmçinin bildirək ki, son aylarda xəstəxanada vətəndaş məmnunluğunun artırılması məqsədilə xidmətlərin daha əlçatan şəkildə təşkili istiqamətində bir sıra mühüm addımlar atılıb. Elektron növbə sisteminin tətbiqi, qeydiyyat prosesinin mərkəzləşdirilməsi və pasiyent axınının düzgün tənzimlənməsi sakinlər tərəfindən müsbət qarşılanır.
Bundan əlavə, xəstəxana ərazisində əlavə giriş qapısının açılması vətəndaşların sənədləşmə zamanı artıq məsafə qət etməsinin qarşısını alır.