Bir vaxtlar onu Biləsuvarda hamı tanıyırdı. Tarla zəhmətkeşlərinin səsini texnikanın gurultusu ilə birləşdirən, torpaqla insan arasındakı ağır məsuliyyəti çiyinlərində daşıyan, dövrünün peşəkar mexanizatoru Zəri Qurbanova artıq aramızda yoxdur. Onun vəfatı öz ailəsinin deyil, böyük bir əmək kollektivinin, bir kəndin, bir rayonun, zəhmət tarixinin itkisidir.Zəri Qurbanova elə insanlardan idi ki, adı çəkiləndə zəhmət, məsuliyyət və sədaqət sözləri özü-özünə yada düşürdü. O, pambıqçılığın ən çətin çağlarında Biləsuvarda kombayn sükanı arxasında dayanaraq tarlanın yükünü çiyinlərinə götürmüş, ağır texnika ilə dil tapmış, alın təri ilə hörmət qazanmışdı. Bir dövr var idi- pambıq vaxtında yığılmalı idi, məhsul itkisiz sahədən çıxmalı idi. Bəli , həmin dövrdə Zəri Qurbanova kimi mexanizatorlara arxalanırdılar.
Onun əmək yolu “Oktyabr” kolxozunda başlamışdı. Qadın mexanizator olmaq hər kəsin cəsarət edə bilmədiyi bir missiya idi. Lakin Zəri xanım bu missiyanı şərəflə daşıdı. O, kombaynı təkcə idarə etmirdi- onu qoruyur, sazlayır, mövsümün taleyini texnikanın hər detalında görürdü. “Mavi gəmi” si pambıqyığımı mövsümündə onun üçün xüsusi məsuliyyət dövrü idi. Tarlaya çıxmazdan əvvəl texnikanı özü yoxlayar, xırda nasazlığı belə təsadüfə buraxmazdı.
Bu yanaşma yüksək nəticələr verdi. Ayrı-ayrı illərdə yüzlərlə ton pambıq yığımı məhz Zəri Qurbanovanın adı ilə bağlı oldu. Bir mövsümdə 255 ton, növbəti mövsümdə isə 300 tona yaxın pambıq yığımı onun zəhmətinin rəsmi göstəricisi idi. Amma bu rəqəmlərdən də böyük olan onun qazandığı hörmət idi.
Fədakar əməyinə görə Zəri Qurbanova “Əmək rəşadəti” nişanı ilə təltif olundu, qabaqcıl mexanizator kimi tanındı, Respublika Komsomolunun qurultayına nümayəndə seçildi. Bu, təsadüfi etimad deyildi- bu, illərin zəhmətinə verilən yüksək qiymət idi.
Bu gün Zəri Qurbanova xatirəyə çevrilib. Artıq iki gündür ki, aramızda yoxdur. Amma o xatirə susqun deyil. O, bir dövrün yaddaşıdır- zəhmətin şüarla yox, alın təri ilə ölçüldüyü dövrün. Qadınların ağır texnika arxasında kişilərlə çiyin-çiyinə dayandığı, torpağa can verdiyi bir zamanın simvoludur.
Belə insanlar haqqında yazmaq borcdur. Çünki onlar getdikdən sonra qəlblərdə qalırlar- gördükləri işlə, qoyduqları izlə, verdikləri nümunə ilə.
Bizim Zəri- tarla qəhrəmanı, torpağın dayağı, zəhmətin səssiz, amma əbədi qəhrəmanı idi.
Allah rəhmət eləsin. Ruhu şad olsun.
Samir QURBANOV,
AJB-nin üzvü