
Biləsuvar rayonunun Ağalıkənd kənd sakini Əhliman Kəlvəz oğlu Əhədov ötən mövsüm 3 hektar sahədə əkdiyi pambığın yığımında problemlə üzləşdiyini bildirir.
"Bilesuvarinfo"ya mürciətində qeyd edir ki, pambıq sahəsində birinci yığım uğurla aparılıb və məhsuldarlıq qənaətbəxş olub. Lakin ikinci yığım zərurəti yarandıqdan sonra problem ortaya çıxıb:“Birinci yığımdan sonra ötən ilin 20 dekabr tarixində ikinci yığım üçün zavoda müraciət etdim. ‘Narahat olmayın’ dedilər. Bir müddət sonra isə bildirdilər ki, pambıqyığan kombaynların fəaliyyəti dayandırılıb. Həmin vaxtdan sahədə 2 tona yaxın pambıq qalıb və onu yığa bilmirəm.”
Məsələ ilə bağlı Ə.Əhədovun pambıq əkini üçün müqavilə bağladığı MTK-nın Biləsuvar filialı ilə əlaqə saxladıq. Müəssisədən bildirildi ki, məhsul qəbulu zavod tərəfindən ötən ilin sonuna qədər aparılıb:“Sonrakı dövrdə qış mövsümü olduğundan, pambıqyığan kombaynların sahəyə buraxılması texniki baxımdan mümkün olmayıb. Torpaq rütubətli olduğu üçün texnikanın batma riski yaranırdı.”
Fermer isə yaranmış vəziyyətin ona ciddi maddi ziyan vurduğunu bildirir və məsələ ilə bağlı aidiyyəti qurumların problemin həlli üçün tədbir görməsini xahiş edir.
