Geri qayıt Çap et

Bu ailənin köməyə ehtiyacı var

Biləsuvar rayon sakini, 1969-cu il təvəllüdlü Təranə Şirindil qızı Məmmədova ağır sosial vəziyyətdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan və imkanı olan vətəndaşlardan kömək istəyir.

Onun sözlərinə görə, hazırda himayəsində 33 yaşlı xəstə oğlu və ümumilikdə 5 azyaşlı nəvəsi var. Uzun illər çalışaraq ailəsini dolandırdığını, lakin təxminən 7 il əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən işləyə bilmədiyini deyir: “Mən hepatitdən, daha sonra isə onkoloji xəstəlikdən əziyyət çəkirəm. Mənə pensiya təyin olunmuşdu və 5 il aldım. Təkrar müraciət etdikdə isə pensiyam dayandırıldı.”

Ana bildirir ki, oğlu Ramal uşaqlıqdan psixoloji xəstəlikdən əziyyət çəkir. O, əvvəlcə pensiya alsa da, artıq 6 ildir ödəniş dayandırılıb:“Oğlum Salyan Regional Psixiatriya Xəstəxanasında, Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb. Həkimlər onun real xəstə olduğunu təsdiqləyiblər.”

T. Məmmədovanın sözlərinə görə, oğlunun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq komissiyalara göndərilməsinə baxmayaraq, 8 dəfə müxtəlif səbəblərlə imtina cavabı verilib:“Dəfələrlə stasionar müalicə alıb, EEQ, EMQ və digər müayinələr xəstəliyi təsdiqləyib. Amma hər dəfə imtina verilir. Qanunauyğun şəkildə yenidən müraciət etsək də, vəziyyət dəyişmir.”

Hazırda ailənin yeganə gəlir mənbəyi tarlalarda gündəlik 10–15 manat qazanan qızıdır. Təranə Məmmədova və oğlu səhhətlərinə görə işləyə bilmədiklərini bildirirlər: “Bir neçə dəfə oğluma iş təklifi olub, amma xəstəxana sağlamlıq haqqında arayış verməyib. Bildirilib ki, xəstə insana sağlamlıq arayışı vermək cinayətdir.”

Ana qeyd edir ki, iş yerləri olmadığı üçün ünvanlı sosial yardım almaq imkanları da yoxdur: “Müraciət üçün həm mənim, həm də oğlumun iş yeri tələb olunur. Mən üzümü dövlətimizə tuturam. Əgər oğlum xəstədirsə, pensiyası təyin edilsin. Yox əgər xəstə deyilsə, sağlamlıq haqqında arayış verilsin ki, işləyə bilsin.”

T. Məmmədova ailəsinin yaşadığı şəraiti isə belə təsvir edir: “Şəraitsiz daxmada yaşayırıq. Evin damı yağışda su buraxır. 5 azyaşlı nəvə, xəstə oğul... Bu həyat mənim üçün cəhənnəmə çevrilib. Hansı nəvəmin hansı ehtiyacını ödəyəcəyimi bilmirəm.”

Çıxılmaz vəziyyətdə qaldığını deyən ana aidiyyəti qurumlardan obyektiv qərar gözlədiyini bildirir:“Prezidentimə səsimi çatdırın, xahiş edirəm. Şəraitsiz daxmada xəstə oğlum və azyaşlı nəvələrimlə çarəsiz vəziyyətdəyəm. Kömək istəyirəm.”


📌 Köməklik etmək istəyənlər üçün əlaqə:
📞 050 565 70 00