Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktorunun təşkilatçılığı ilə nadir genetik dəri xəstəliklərindən əziyyət çəkən vətəndaşlarla görüş təşkil olunub.“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının müalicə işləri üzrə baş həkimi
Asif Əhmədov, həkim-infeksionist
İnzibat Nəsirov və həkim-dermatoloq
İlahiyyə Əmirova iştirak ediblər.
Görüş zamanı “
2023–2027-ci illər üzrə ixtioz və bulloz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, görülən işlər qiymətləndirilib.
Pasiyentlər və onların yaxınları ilə aparılan müzakirələrdə xəstələrin gündəlik həyatda üzləşdikləri çətinliklər, tibbi xidmətlərə çıxış imkanları, sosial və psixoloji dəstəyə olan ehtiyacları diqqətə çatdırılıb.
Xüsusilə aşağıdakı istiqamətlər ön plana çəkilib:
- xəstələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi,
- pasiyentlərə və ailələrinə psixoloji dəstəyin göstərilməsi,
- ixtisaslaşmış tibbi mərkəzlərə yönləndirmə imkanlarının artırılması,
- xəstəliklərin erkən diaqnostika və profilaktikasının əhəmiyyəti.
Tədbirin sonunda qeyd olunub ki, əsas məqsəd ixtioz və bulloz epidermoliz xəstəliyindən əziyyət çəkən şəxslərin fiziki ağrılarını minimuma endirmək, onların həyat keyfiyyətini yaxşılaşdırmaq və cəmiyyətin tamhüquqlu üzvü kimi yaşamalarını təmin etməkdir..
