Bəzən insan ömrü təqvimlə ölçülmür. Bəzən bir ömür yaşadığı illərin sayı ilə deyil, buraxdığı izlə, yetişdirdiyi dəyərlərlə və gələcək nəsillərə ötürdüyü mənəvi mirasla qiymətləndirilir. Milli Qəhrəman Mübariz İbrahimovun atası Hacı Ağakərim İbrahimov məhz belə insanlardan idi. O, 27 yanvar 1956-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmışdı. Yaşasaydı, bu gün 70 yaşı tamam olacaqdı. Ancaq bu illər sadəcə bir rəqəm olaraq qalır. Çünki onun ömrü zamana sığmayan, mənası və çəkisi ilə ölçülən bir ömür idi.
Hacı Ağakərim İbrahimov Azərbaycan xalqının yaddaşında yalnız bir şəhid atası kimi deyil, həm də dərin iman sahibi, vətənpərvər düşüncəli, xalqını sevən, gələcəyi düşünən müdrik bir şəxsiyyət kimi qalacaq. Onunla ünsiyyətdə olan hər kəs yaxşı bilirdi ki, onun söhbətlərinin mərkəzində daim Vətən dayanırdı. O, Vətəni bir anlayış kimi deyil, canlı bir varlıq kimi sevirdi. Danışarkən övladlarımızın necə böyüməli olduğunu, hansı dəyərlərlə formalaşmalı olduqlarını xüsusi vurğulayardı.
Onun üçün vətənpərvərlik yalnız silah tutmaq yox, həm də dürüst olmaq, əxlaqlı yaşamaq, Allaha bağlı qalmaq idi. Deyirdi:
“Vətənpərvər olmaq Vətəni sevməkdir. Vətəni sevmək isə yaxşı insan olmaq deməkdir. Ən yaxşı övlad vətənpərvər övladdır. Biz elə yaşamalıyıq ki, nəvə-nəticələrimiz bizim yaşadıqlarımızı yaşamasınlar.” Bu sözlər təkcə bir atanın fikirləri deyil, həyat məktəbi idi. O, bu düşüncələri təkcə söyləməklə kifayətlənmirdi – həyatının özü bu fikirlərin təsdiqi idi.
2020-ci ildə Azərbaycan xalqı tarixi Zəfərə imza atdı. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Hacı Ağakərim əmi bu Zəfəri göz yaşları ilə qarşılayırdı – sevinc göz yaşları ilə. Deyirdi ki, bu qələbəyə Mübarizin də ruhu sevinir. Onun üçün bu Zəfər həm də oğlunun ideallarının gerçəkləşməsi idi. Mübarizin təkbaşına düşmən üzərinə getdiyi yol, 44 günlük Vətən müharibəsində minlərlə igid oğul tərəfindən davam etdirildi.
Bir gün Hacı Ağakərim əmi mənə çox mühüm bir təklif etdi:
Müşfiq, Mübarizdən sonra yaşadıqlarım, keçirdiyim hisslər, düşündüklərim haqqında mənim məsləhətimlə bir kitab yaz. Bu sözlər bir vəsiyyət idi. Bir şəhid atasının ürəyindən gələn sükutlu harayı idi. Bu məsuliyyəti üzərimə götürmək mənim üçün həm ağır, həm də şərəfli idi. Allahın qisməti ilə 2024-cü ilin may ayında “Mübarizdən sonra” kitabı üzərində işə başladıq. Kitabın redaktoru dəyərli dostumuz Hacı Famil Burxanoğlu oldu.
Qısa müddətdə, gərgin və məsuliyyətli əmək nəticəsində iki kitab – “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” ərsəyə gəldi. Bu kitablar sadəcə xatirələr toplusu deyil, bir şəhid atasının fəlsəfəsi, həyat dərsi və gələcək nəsillərə ünvanlanan mənəvi məktubdur. Hacı Ağakərim əminin ən böyük arzularından biri bu kitabların sağlığında işıq üzü görməsi idi. Heydər Əliyev Fondunun dəstəyi ilə bu arzu gerçəkləşdi. Kitabların təqdimatları Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyində və Azərbaycan Yazıçılar Birliyində keçirildi.
Onun böyük planları vardı. Gələcək nəsillər üçün daha çox iş görmək, daha çox söz demək istəyirdi. Təəssüf ki, Allah sevimli bəndəsini tez bir zamanda Öz dərgahına apardı. Sanki bu kitablarla o, öz son missiyasını tamamladı və rahatlıqla bu dünyadan köçdü.
Hacı Ağakərim İbrahimov Allaha bağlı, imanlı və təqvalı bir insan idi. Onun düşüncələrində İlahi ədalətə sonsuz inam vardı. Yazırdı:
“Mən tam yəqinliyə çatmışam ki, dünyanı idarə edən yeganə qüvvə Allahdır. Qurana inanmaq, Allahın göstərdiyi yolla getmək həm bu dünyanın, həm də axirətin xoşbəxtliyinin təminatıdır.” Bu inam onun həyatına istiqamət verirdi. O, şəhid atası olmağın məsuliyyətini də dərindən dərk edirdi və deyirdi:
“Şəhid atası olmaq çox böyük məsuliyyətdir. Şəhidlər bizə ucaldıqları zirvənin ağırlığı qədər məsuliyyət qoyub gediblər.”Bu gün Hacı Ağakərim İbrahimov cismən aramızda olmasa da, ruhu bizimlədir. Onun düşüncələri, ideyaları, nəsihətləri və yazılı mirası yaşayır. O, bir şəhid atası olaraq təkcə öz oğlunun deyil, bütöv bir xalqın mənəvi dayaqlarından birinə çevrildi.
Allah bütün şəhidlərimizə, Milli Qəhrəman Mübariz İbrahimova və onun dəyərli atası Hacı Ağakərim İbrahimova rəhmət etsin. Ruhları şad olsun. Axirətdə Hz. Peyğəmbər (s) və Əhli-Beytlə qonşu olsunlar.
Müşfiq Malik Muğanlı,şair-yazıçı, publisist




