Biləsuvarda qarlı hava şəraiti ilə əlaqədar gücləndirilmiş tədbirlər davam etdirilir.
“Bilesuvarinfo” xəbər verir ki, ötən axşamdan Biləsuvar rayonunda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib. Rayon ərazisində avtomobil yollarının hərəkət üçün açıq saxlanılması, nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi və əhalinin gündəlik tələbatının normal şəkildə ödənilməsi məqsədilə operativ tədbirlər həyata keçirilir.
Bu istiqamətdə əsas işlər 45 saylı Yol İstismarı İdarəsi tərəfindən görülür. İdarənin xüsusi texnikaları və əməkdaşları ötən axşamdan başlayaraq yağan qarın magistral və kəndlərarası avtomobil yollarından təmizlənməsi, eləcə də sürüşkənliyin qarşısının alınması üçün qumlama və duzlama işləri aparır. Xüsusilə intensiv hərəkətin müşahidə olunduğu yol sahələrində nəzarət daha da gücləndirilib.
45 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Nicat Rufullayevin verdiyi məlumata görə, hazırda rayon ərazisində bütün əsas yollar nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır və yol infrastrukturu daimi nəzarətdə saxlanılır. Eyni zamanda, texniki briqadalar mümkün buzlaşma hallarının operativ şəkildə aradan qaldırılması üçün hazır vəziyyətdədir.
Bununla yanaşı, digər kommunal və operativ xidmətlər də qarlı hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə fasiləsiz fəaliyyət göstərir. Elektrik, qaz və su təsərrüfatı sahələrində hər hansı ciddi nasazlıq qeydə alınmayıb, xidmətlər gücləndirilmiş rejimdə əhalinin təhlükəsizliyini təmin edir.
Aidiyyəti qurumlar sürücülərə və piyadalara hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları, yol hərəkəti qaydalarına ciddi əməl etmələri, xüsusilə sürüşkən yol sahələrində təhlükəsizlik məsafəsini qorumaqları ilə bağlı çağırış ediblər.
Hazırda Biləsuvar rayonunda qarlı hava şəraitinin yaratdığı vəziyyət tam nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər fasiləsiz olaraq davam etdirilir.