Geri qayıt Çap et

Jurnalist Mirzə Müşfiq vəfat etdi

Tanınmış veteran jurnalist və ictimai xadim Mirzə Cəfərov (Müşfiq) ömrünün 75-ci ilində vəfat edib.

Uzun illər Biləsuvar Rayon İcra Hakimiyyətində məsul və yüksək vəzifələrdə çalışmış Mirzə Cəfərov səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. O, rayonun ictimai-siyasi və mədəni həyatında xüsusi rolu olan ziyalılardan biri kimi tanınırdı.
Mirzə Cəfərov jurnalist fəaliyyətinə tarixi “Məhsul” qəzeti ilə başlamış, həmin mətbu orqanın qabaqcıl yazarlarından olmuşdur. Onun yaradıcılığı uğurlu və məhsuldar olub, qələmə aldığı 7 publisistik kitabda Biləsuvar rayonunun keçmişinə işıq salmışdır.
Mərhum jurnalist peşəsinə hədsiz sədaqəti, prinsipial mövqeyi və obyektivliyi ilə seçilmişdir. O, eyni zamanda yüksək ziyalı keyfiyyətləri, insani dəyərlərə bağlılığı ilə cəmiyyətdə böyük hörmət qazanmışdır. Mirzə Cəfərovu səciyyələndirən mühüm cəhətlərdən biri də gənc nəslə daim qayğı ilə yanaşması, bir çox qələm sahibinin peşəkar jurnalist kimi formalaşmasında oynadığı müstəsna roldur.
Hər zaman təşəbbüskarlığı, fəallığı və səriştəli idarəçilik qabiliyyəti ilə seçilən Mirzə Cəfərov onu tanıyanların yaddaşında xeyirxah əməllərə, insanlara fayda verməyə həsr olunmuş bir ömür yaşamış ziyalı kimi qalacaq. Onun qoyub getdiyi ensiklopedik dəyərə malik kitablar, zəngin elmi və publisistik irs gələcək nəsillər üçün qiymətli bir mirasdır.
Mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, kədərini bölüşürük.
 Allah rəhmət eləsin.