Geri qayıt Çap et

Kəndin gələcəyinə açılan qapı: Nəsimi kəndində yeni məktəb

Nəsimi kəndinə daxil olarkən ilk diqqəti cəlb edən müasir memarlıq üslubunda inşa edilmiş yeni məktəb binasıdır. Kəndin ümumi mənzərəsinə xüsusi gözəllik qatan bu təhsil ocağı təkcə bir bina deyil, eyni zamanda kəndin gələcəyinə açılan ümid qapısıdır. Ucqar bir kənddə belə bir məktəbin istifadəyə verilməsi dövlətin təhsilə göstərdiyi ardıcıl və məqsədyönlü siyasətin bariz nümunəsi kimi dəyərləndirilir.

Ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən məktəblərin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu siyasət Biləsuvar rayonunda da uğurla reallaşdırılır, yeni məktəblər tikilir, mövcud təhsil müəssisələri əsaslı şəkildə yenilənir.

Şəhid R.Rzayevin adını daşıyan Nəsimi kənd tam orta məktəbi 1972-ci ildən fəaliyyət göstərsə də, məktəbin əvvəlki binası artıq istismar üçün yararsız vəziyyətə düşmüşdü. Uzun illər kəndin maarif ocağı kimi fəaliyyət göstərən bu məktəbin yeni və müasir tədris məkanına ehtiyacı var idi. Məhz bu zərurəti nəzərə alan dövlət başçısının müvafiq sərəncamına əsasən 2023-cü ilin fevral ayından etibarən məktəbin yeni binasının tikintisinə başlanılmışdır.

Artıq ötən tədris ilindən etibarən kəndin müəllim və şagirdləri 624 şagird yerlik, tam müasir standartlara cavab verən yeni məktəb binasında tədris prosesini davam etdirirlər. Yeni məktəb geniş və işıqlı 26 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, müasir tələblərə cavab verən informatika otaqları, hərbi hazırlıq və əmək otaqları, kitabxana və oxu zalı, akt və idman zalları, yeməkxana ilə təmin olunub. Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib – videomüşahidə və yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Məktəbin həyətində aparılan abadlıq və yaşıllaşdırma işləri isə ümumi təhsil mühitinə əlavə dəyər qatır.

Məktəbin direktoru Azər Hümbətov yeni məktəb binasının kollektiv üçün böyük stimul olduğunu bildirir. Onun sözlərinə görə, yaradılan müasir şərait müəllimlərin də, şagirdlərin də təhsilə münasibətində ciddi dəyişiklik yaradıb:

“Ucqar kənddə belə bir məktəbin tikilməsi dövlətimizin təhsilə verdiyi dəyərin ən aydın göstəricisidir. Bu bina bizə yalnız rahatlıq deyil, eyni zamanda böyük məsuliyyət də gətirib. Müəllimlər daha həvəslə çalışır, şagirdlər isə məktəbə sevə-sevə gəlirlər.”

Direktor vurğulayır ki, yaradılan şərait artıq real nəticələrlə özünü göstərməkdədir. Belə ki, 2024–2025-ci tədris ilində məktəbin 15 məzunu ali təhsil müəssisələrinə qəbul olunub. Bu göstərici kənd məktəbi üçün mühüm nailiyyət hesab olunur.

Məktəbdə olarkən diqqət çəkən məqamlardan biri də valideynlərin məktəb həyatında fəal iştirakıdır. Azər Hümbətov bildirir ki, əsas hədəflərdən biri şagird davamiyyətinin yüksəldilməsidir:

“Hər ay mütəmadi olaraq valideyn iclasları keçiririk. Valideynləri məktəbə cəlb etmək, onları təhsil prosesinin bir parçasına çevirmək əsas məqsədlərimizdəndir. Artıq bu istiqamətdə gördüyümüz tədbirlər davamiyyətə ciddi müsbət təsir göstərib.”

Məktəbdə mütəmadi olaraq keçirilən elmi, mədəni və vətənpərvərlik yönümlü tədbirlər şagirdlərin həm bilik səviyyəsinin yüksəldilməsinə, həm də onların mənəvi dünyasının formalaşmasına xidmət edir.

R.Rzayev adına Nəsimi kənd tam orta məktəbinin yeni binası təkcə bir təhsil müəssisəsi deyil, eyni zamanda kəndin sosial inkişafına yönəlmiş mühüm layihədir. Bu məktəb kənddə təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, gənc nəslin savadlı, dünyagörüşlü və vətənpərvər ruhda yetişməsinə möhkəm zəmin yaradır.

Nəsimi kəndində müasir məktəb binasının istifadəyə verilməsi dövlətin təhsilə olan diqqət və qayğısının real nəticəsidir. Məktəb kollektivi bu etimadı dərin minnətdarlıq hissi ilə qarşılayır və yaradılmış imkanlardan səmərəli istifadə edərək gələcəkdə daha yüksək nəticələrə imza atmağı öz qarşısına məsuliyyətli bir öhdəlik kimi qoyur.