
Biləsuvar rayonunda 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki, Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, aidiyyəti təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov bildirib ki, 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər Günü ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əlillərə göstərdiyi yüksək qayğının nəticəsidir. O qeyd edib ki, günün əsas məqsədi ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltmək, onların ehtiyaclarını təmin etmək və maddi-mənəvi dəstək göstərməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar şöbəsinin müdiri Fərasim Əliyev çıxış edərək vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır. O bildirib ki, bu gün həm torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən qazilər, həm də əlilliyi olan şəxslər və əlil uşaqlar üçün müasir tibbi mərkəzlər yaradılıb, onların təhsili, peşə hazırlığı, əmək hüququ və məşğulluğu təmin edilir.
Tədbirdə həmçinin ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan dövlət siyasəti barədə məlumat verilib.


