Geri qayıt Çap et

Biləsuvarda quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Biləsuvarda quşçuluq sahəsinin mövcud durumu və inkişaf perspektivlərinə həsr olunmuş panel müzakirələr keçirilib. Tədbir Biləsuvar Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.


Müzakirələrdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Səhman Bayramov, Aqrar İnnovasiyalar Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Zarat Yem Fabrikinin direktoru Nicat Yusifov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan Regional Bölməsinin sektor müdiri Saleh Rzayev, Aqrar Xidmətlər Agentliyinin aparıcı baytar həkimi Aftandil Əliyev, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin Cəlilabad filialının müdiri Rafət Əskərov, Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev, quşçuluq müəssisələrinin rəhbərləri və fermerlər iştirak ediblər.


Panelin açılışında çıxış edən Faiq Qürbətov və Anar Cəfərov ölkədə quşçuluq sahəsinin inkişafına yönəlmiş kompleks dövlət proqramlarının yüksək məhsuldarlığın, sağlam heyvandarlıq mühitinin və dayanıqlı istehsalın formalaşmasına mühüm təsir göstərdiyini qeyd ediblər. Vurğulanıb ki, Biləsuvar rayonunda da bu istiqamətdə görülən işlər – yeni təsərrüfatların yaradılması, məhsul çeşidinin və keyfiyyətinin artırılması, innovativ və elmi yanaşmaların tətbiqi – sahənin inkişafına əlavə stimul verir.


Tədbirdə rayonda keçirilən ənənəvi Hind Quşu Festivalının da quşçuluq təsərrüfatlarının inkişafındakı rolu xüsusi qeyd olunub. Bildirilib ki, festival təkcə kənd təsərrüfatı bayramı deyil, həm də fermerlər, istehsalçılar və gənc sahibkarlar üçün yeni imkanlar yaradan mühüm platformadır. Bu tədbirlər yerli məhsulların tanıdılması, bazar dəyərinin artırılması və region iqtisadiyyatının canlanmasına töhfə verir.


Müzakirələrdə çıxış edən mütəxəssislər qeyd ediblər ki, Biləsuvar rayonu illərdir Azərbaycanın quşçuluq ənənələrinin formalaşdığı bölgələrdən biridir. Əlverişli iqlim şəraiti və uzunmüddətli təsərrüfat təcrübəsi burada quşçuluğun inkişafı üçün güclü baza yaradıb. Son illərdə kənd təsərrüfatı subyektlərinin maarifləndirilməsi, məhsuldar cinslərin artırılması və yem təminatının yaxşılaşdırılması nəticəsində rayonda həm quşların sayında, həm də yumurta istehsalında dinamik artım müşahidə olunur.


Çıxış edənlər qarşıdakı dövrdə quşçuluq sektorunun modernləşdirilməsi, özəl təsərrüfatların genişləndirilməsi, məhsulların ixrac potensialının artırılması istiqamətində mühüm addımların planlaşdırıldığını bildiriblər. Dövlət dəstəyi mexanizmlərindən istifadənin genişləndirilməsi, sahədə koordinasiyanın gücləndirilməsi və quşçuluq müəssisələri arasında əməkdaşlığın artırılması da əsas hədəflər kimi qeyd olunub.


Tədbir iştirakçılarının sualları cavablandırıldıqdan sonra panel müzakirələri yekunlaşıb.