Geri qayıt Çap et

Biləsuvarda ənənəvi Hind Quşu festivalı keçirildi

Biləsuvar rayonunda ənənəvi Hind Quşu festivalı keçirilib.

"Bilesuvarinfo"nun 
məlumatına görə, festival bu il də minlərlə insanın yaddaşında xoş təəssüratlarla iz qoyub.

Tədbirdə hind quşundan bişirilmiş ləziz yeməklər, yerli ustaların əl işlərindən hazırlanmış suvenirlər, rəngarəng sərgi stendləri və kənd həyatının özünəməxsus ab-havasını əks etdirən nümunələr nümayiş olunub.

Qeyd edək ki, artıq beş ildir ki, Biləsuvarda ənənə halını almış bu festivalda ölkəmizin müxtəlif bölgələri ilə yanaşı, xarici ölkələrdən gələn qonaqlara da milli mətbəximiz və sənət nümunələri təqdim edilir, adət-ənənələrimiz geniş şəkildə nümayiş olunur.

Ziyarətçilər həvəskar aşpazların hind quşundan hazırladıqları müxtəlif növ yeməklərdən dadmaq imkanı əldə ediblər. Tədbirdə onlarla turizm və aqrar sahədə fəaliyyət göstərən şirkətlər də öz məhsullarını təqdim ediblər. Bu dəfəki festivalda bir sıra xarici ölkələrdən gəlmiş aşpazlar da iştirak edərək öz milli mətbəx nümunələrini hazırlayıb qonaqlara təqdim ediblər.