Biləsuvar şəhərində, Mübariz İbrahimov küçəsində yerləşən “repetitorlar məhəlləsi” yəqin ki, çoxlarına tanışdır. Günün müəyyən vaxtlarında burada şagird izdihamına rast gələndə bir anlığa özünü hansısa təhsil müəssisəsinin ətrafında hiss edirsən. Əslində, bu mənzərə Biləsuvar təhsilinin acı bir iç üzü də hesab edilə bilər.
Burada haqlı bir sual ortaya çıxır: Ölkənin bütün hüdudlarında olduğu kimi, Biləsuvarımızda da təhsil müəssisələri ən müasir görkəmini alıb, şagirdlərin təhsil alması üçün şərait artırıldığı halda, nədən digər tərəfdən repetitorluq fəaliyyəti sürətlə genişlənir?
Mübariz İbrahimov küçəsini bəzəyən “repetitor mərkəzləri”ndən sonra şagirlərin ən çox üz tutduğu ünvan isə Heydər Əliyev Mərkəzidir.
Altı ay öncə (22 mayda) Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin o vaxtkı müdiri Şahin Şahbazova müraciət edərək rayon mərkəzində mədəniyyət obyektlərinin hər hansı birindən bizə ofis üçün bir otağın ayrılmasını xahiş etdik. O isə “məktubla müraciət edin, baxarıq” dedi. Nəticəsiz qalan müraciətimizin iki ayından sonra idarədə rəhbərlik dəyişdi — yerinə Araz Əlizadə təyin olundu.
Dəfələrlə idarənin rəis müavini Emin Mustafayevlə əlaqə saxladıq. Onun cavabı hər dəfə eyni idi: “Nazirlikdən cavab gəlməyib…” Nəhayət, cavabsız qalan müraciətimizin 4 ayından sonra ( bu gün də məktuba heç bir cavab yazılmayıb) yeni rəis Araz Əlizadənin qəbuluna düşdük və onu da məsələdən məlumatlandırdıq. Araz müəllim isə dedi ki: “Mərkəzdə olan mədəniyyət obyektlərindən heç birində otaq verə bilmərik. Nazirlikdən yoxlama gələndə bu, bizə nöqsan kimi qiymətləndirilə bilər”. Sonra idarə müdiri əlavə etdi ki: “Kənar yerlərdə uyğun bir məkan varsa, baxın…”
Bir xeyli sonra icarədar qapını döyəcləyəndə yenidən “Mədəniyyət”ə ümid etdik. Amma təqdim olunan yer o qədər şəraitsiz idi ki, bunu təklifdən çox rədd cavabı saymaq olardı.
… Beləliklə, indi sual yaranır: Doğrudanmı, bu qədər zamanda Biləsuvarda 25 illik mətbuat təcrübəsinə sahib bir komanda üçün bir otaqlıq yer tapılmadı?
Mədəniyyət Mərkəzi və Bayraq Muzeyi bir çox qurumların üzünə açıq olub. Ən əsası isə Heydər Əliyev Mərkəzi də sanki repetitor müəllimlərin mərkəzinə çevrilib… Görünən odur ki, mədəniyyət idarəsi otaq biznesində maraqlıdır. Doğrudanmı, deyilən kimi, buradan hər gün istifadə edən repetitor müəllimlərin hamısının regional idarə ilə müqaviləsi var? Bir çox müəllimlərlə müqavilə bağlansa da, əldə olunan vəsaitin böyük qisminin bəzi “mədəni işbazların” cibinə axdığı da sirr deyil… Maraqlı məqamlardan biri də budur ki, mərkəzin rəqs zalındakı geyim otağı da şəraitlə təmin edilərək repetitor müəllimlərin istifadəsinə verilib.
Biz bu müraciətlə kimisə ittiham etmirik. Sadəcə, müstəqil mətbuatın yaşaması üçün minimum şəraitin yaradılmasını istəyirik. Bir otaq – nə çoxdur, nə az. Amma o otaq Biləsuvar sözünün, Biləsuvar həqiqətinin səsi üçün böyük mənəvi anlam daşıyır. Bu işdə Prezident İlham Əliyevin media nümayəndələrinə göstərdiyi diqqət və qayğını xatırlayaq. Doğrudanmı, bir rayonda bir sayta, bir qəzetə ofis üçün bir otaq tapılmır?
Hazırda rayonun ilk xəbər saytı “Bilesuvarinfo” və ilk müstəqil ictimai-siyasi, ədəbi qəzet olan “Region Press” də fəaliyyət göstərir. Lakin bizi illərdir düşündürən bir məsələ var: redaksiyamızın işləyə biləcəyi bir otağın belə tapılmaması. Məqsədimiz rayonumuzda obyektiv, müstəqil və maarifçi mətbuat ənənəsini yaşatmaqdır. Bu yolda ən böyük dayaq və motivasiyamız isə Biləsuvarın tərəqqipərvər ziyalılarının mənəvi dəstəyi olub.
P.S. Cəlil Məmmədqulizadələrin Avropa təhsilli gəncliyin tərəqqisindən oxuduqda, biz də illər sonra o ideallara ümid edirdik. 2008-ci ildə “Region Press”in ofis müraciəti o dövrdə Biləsuvar Rayon İcra Hakimiyyəti aşçısının müavini olan Akif Kazımov tərəfindən bir telefon zənginə həll edilmişdi (sonradan sökülən inzibati binada).
İndi isə özünü “Avropasayağı”, yenilikçi hesab edən regional idarə rəhbərlərinin münasibəti ümidlərin necə dalana dirəndiyini göstərir.
Və istər-istəməz düşünürsən: Allah köhnə kişilərə bərəkət versin…
