
Beşinci ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevdir.
Bu Zəfər möhtərəm Prezidentimizin qətiyyətli və prinsipial siyasətinin bariz təcəssümüdür. Məhz Ali Baş Komandanımızın siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada, işğaldan azad olmuş hər bir yerdə dalğalanan müəqəddəs üçrəngli ay-ulduzlu bayrağımız böyük Qələbə dastanının fəxarət və milli-qurur rəmzidir.Böyük Zəfər vaxtında yaradılmış güclü iqtisadiyyatın, mükəmməl ordu quruculuğunun, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasətin və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyinin təcəssümüdür.
Qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri ilə Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır.
Xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik. Böyük Qəhrəmanlıq dastanını yazmış Vətən övladları heç vaxt unudulmayacaq, xalqımızın qəlbində daim yaşayacaqlar.Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə möhtərəm Prezidentimizin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur. Bu gün Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilmişdir.
Xalqımız əmindir ki, cənab Prezidentimizin şəxsi nəzarəti və gündəlik qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzur qısa zaman kəsiyində respublikamızın dilbər guşələrindən birinə çevriləcəkdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı-Cavid Əliyev