Geri qayıt Çap et

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 30 il bundan əvvəl – 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin inkişafında tarixi mərhələ olmuşdur. Dövlətin Əsas Qanunu həmin ilin noyabrın 27-də qüvvəyə minmişdir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə möhkəm hüquqi baza yaratmış, dövlət idarəçiliyinin əsas prinsiplərini və vətəndaş cəmiyyəti quruculuğunun istiqamətlərini müəyyən etmişdir. Elə həmin gün – 12 noyabr 1995-ci ildə ölkəmizdə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik parlament seçkiləri də keçirilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu milli dövlətçilik tariximizdə mühüm hadisə kimi qiymətləndirilir və bu əlamətdar günün önəmini nəzərə alaraq noyabrın 12-si hər il Konstitusiya Günü kimi qeyd olunur.

Azərbaycan konstitusionalizminin inkişaf tarixinə nəzər saldıqda, məlum olur ki, müstəqillik dövrünədək ölkəmizdə qəbul edilən konstitusiyalar SSRİ Konstitusiyalarına uyğunlaşdırılmış redaksiyalarda olmuşdur. Belə ki, Azərbaycan SSR-in ilk Konstitusiyası 1921-ci ildə, sonuncu isə 1978-ci il aprelin 21-də qəbul edilmişdir. Müstəqil Azərbaycanın 1995-ci il Konstitusiyası isə milli dövlətçiliyimizin və suverenliyimizin hüquqi əsasını təşkil edən ilk Konstitusiyadır.
Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. O, dövlətin quruluşu, hakimiyyət bölgüsü prinsipi, insan və vətəndaş hüquq və azadlıqları, ictimai-siyasi münasibətlər və iqtisadi əsaslarla bağlı əsas müddəaları təsbit edir.

Zamanın tələbləri və cəmiyyətin inkişaf dinamikası Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin edilməsini zəruri etmişdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna mühüm yeniliklər daxil edilmiş, hüquq sistemi daha da təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmləri gücləndirilmişdir.
Konstitusiyada təsbit olunmuş demokratik təsisatlar, hüquqi dövlət prinsipləri, hakimiyyət bölgüsü, sosial ədalət və insan hüquqlarının təminatı Azərbaycanın müasir inkişaf yolunu müəyyənləşdirir. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətini bərqərar etmək, qanunun aliliyini təmin edən hüquqi dövlət qurmaq kimi ali məqsədlər Konstitusiyanın mahiyyətini təşkil edir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası dövlət və cəmiyyət həyatının bütün sahələrində hüquqi sabitliyin, demokratiyanın, azadlığın və insan ləyaqətinə hörmətin təminatçısıdır. Bu sənəd xalqımızın milli iradəsini, azadlıq və müstəqillik ideallarını ifadə edən tarixi və hüquqi dəyər kimi daim qorunur və inkişaf etdirilir.

Taleh Çəfərov,
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı