
Elşən müəllimi ilk dəfə beş il öncə — Vətən müharibəsinin ən ağır günlərində görmüşdük. Qəhrəman şəhidlərimizdən Babək Mahmudlunun yas mərasimində idi. Zalda sakit, təmkinli, amma baxışlarında dərin hüzn və qürur hiss edilən bir adam diqqət çəkirdi. Dedilər, “Vətəndən uzaqda yaşayan həmyerlimizdir, amma bu ağrını bölüşmək üçün gəlib.” Həqiqətən də o, Rusiyada yaşasa da, şəhidlərimizin ruhuna ehtiram göstərməyi, ailələrinə başsağlığı verməyi özünə mənəvi borc sayır.
Elşən Əliyev üçün şəhid ailələrini ziyarət sadəcə bir jest deyil — bu, onun üçün vicdan və Vətən qarşısında bir anddır. O, təkcə Biləsuvarlı şəhidlərin deyil, digər bölgələrdən olan qəhrəmanların ailələrinə də baş çəkir. Qəbələdən olan şəhid Elvin Əbdülrəhmanovun ailəsini də davamlı ziyarət edib, şəhidin valideynlərinə dərin ehtiramını ifadə edir. Onun sözləri ilə desək, “biz şəhidlərimizə borcluyuq, onların ailələrinə hörmət göstərmək – Vətənə sədaqətin bir ölçüsüdür.”
Bu yaxınlarda şəhid İqbal Astanlının ailəsini ziyarət edərkən Elşən müəllimi daha yaxından tanımaq imkanı qazandıq. Sakit təbiəti, səmimiyyəti, alicənab davranışı onun necə təmiz qəlbli bir insan olduğunu göstərirdi.
Elşən Qulam oğlu Əliyev 1969-cu ildə Biləsuvar şəhərində zəhmətkeş bir ailədə doğulub. Uşaqlığı Biləsuvarın isti, mehriban mühitində keçib. Orta təhsilini Ş. Qurbanov adına 2 saylı tam otra məktəbdə başa vurub, daha sonra Sovet Ordusunda Vətənə xidmət edib. Ordudan sonra ali hüquq təhsili almaq üçün Rusiyaya gedib və Moskva şəhərində Rusiya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya qarşı Mübarizə idarəsində 22 il şərəf və vicdanla xidmət göstərib.
Xidmət illərində prinsipiallığı, ədalətə sadiqliyi ilə seçilən Elşən Əliyev dəfələrlə mükafatlara, fəxri fərmanlara layiq görülüb. Hazırda ehtiyatda olan polis mayorudur və vəkillik fəaliyyətini davam etdirir. Moskva Vəkillər Kollegiyasının üzvü kimi həm azərbaycanlıların, həm də digər xalqların hüquqlarının müdafiəsində dayanır.
O, illərdir doğma torpaqdan uzaqda yaşasa da, qəlbi Azərbaycanla birgə döyünür. “Harada olursansa-ol, içində Vətən sevgisi varsa, sən elə Vətəndəsən” – bu, onun həyat fəlsəfəsidir.
Bütün fəaliyyəti boyu Elşən Əliyev təvazökarlığı, səmimiyyəti və doğma yurduna sevgi dolu münasibəti ilə seçilib. O, Biləsuvarı uşaqlıq xatirələrinin, ilk dostluqların, saf arzuların ünvanı kimi qəlbində daşıyır.
Bir sözlə, Elşən Qulam oğlu Əliyev doğma Vətəninə, xalqına və torpağına ürəkdən bağlı, xaricdə yaşasa da Vətən adını şərəflə daşıyan bir Biləsuvar oğludur.








