Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində yaddaqalan tədbir keçirib.
“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid valideynləri, ərazi partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çay süfrəsi arxasında səmimi mühitdə keçirilən görüşdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları xalqımızın yaddaşına əbədi həkk olunan Zəfərimizin 5-ci ildönümü münasibətilə təbrik edib. O bildirib ki, Vətən müharibəsində tarixi ədalət bərpa olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi və 8 Noyabr – Zəfər Günü xalqımızın milli həmrəyliyinin, iradəsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin parlaq təcəssümüdür:" İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə aparılması, “Böyük Qayıdış” proqramının reallığa çevrilməsi dövlət başçısının uzaqgörən siyasətinin bariz nümunəsi kimi dəyərləndirilib".
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında 44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin şanlı qürur salnaməsi adlandırıb. O, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsinin tarixi əhəmiyyətini qeyd edib.
Başçı bildirib ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızın ucaldılması xalqımıza sonsuz qürur hissi yaşadıb. O həmçinin vurğulayıb ki, 8 Noyabr münasibətilə Bakıda keçiriləcək Zəfər Paradı dövlətimizin qüdrətini, ordumuzun rəşadətini bir daha bütün dünyaya nümayiş etdirəcək.
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid ataları və ərazi partiya təşkilat sədrləri Zəfərin Ali Baş Komandanın qətiyyəti və Azərbaycan Ordusunun igidliyi sayəsində əldə edildiyini bildiriblər.
Tədbirdə, həmçinin Təzəkənd kənd ərazi partiya təşkilatının sədri Rüdinil Bağırov 65 illik yubileyi münasibətilə uzunmüddətli və səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif olunub və ona hədiyyə təqdim edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.




















