Geri qayıt Çap et

Biləsuvarda “Təhlükəsiz şəhər” mərhələsi: İctimai asayiş və yol hərəkəti müasir texnologiyalarla qorunur

Son illər ölkəmizin  regionlarında həyata keçirilən infrastruktur layihələri yalnız iqtisadi inkişafla məhdudlaşmır, eyni zamanda ictimai təhlükəsizliyin təmin olunması, insanların rahat və etibarlı mühitdə yaşamasına yönəlir. Bu istiqamətdə həyata keçirilən “Təhlükəsiz şəhər” proqramı artıq ölkənin bir çox bölgəsində olduğu kimi, Biləsuvar rayonunda da uğurla reallaşır.

Rayonun sosial həyatında bu layihə həm texnoloji yenilik, həm də təhlükəsiz gələcəyə atılmış real addım kimi qiymətləndirilir. Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Biləsuvar şəhəri və onun ətraf yaşayış məntəqələrində ümumilikdə 80 nöqtədə 176 müasir müşahidə kamerası, həmçinin 12 radar cihazı quraşdırılmışdır.
Məqsəd isə birdir: vətəndaşların həyatının, əmlakının və ictimai qaydanın daha etibarlı qorunması, həmçinin yol hərəkəti təhlükəsizliyinin müasir texnologiyalar vasitəsilə təmin olunması.
Kamera və radarlar- təhlükəsizliyin elektron gözləri
Yeni nəsil kameralar rayonun həm mərkəzi küçələrində, həm də ətraf yaşayış məntəqələrində quraşdırılır. Bu sistemlər 24 saat rejimində fəaliyyət göstərməklə, ictimai yerlərdə baş verə biləcək hadisələrin operativ izlənilməsini və hüquq-mühafizə orqanlarının daha çevik reaksiya verməsini təmin edəcək.
Bununla yanaşı, quraşdırılan 12 radar cihazı əsasən nəqliyyat axınının sıx olduğu, qəza ehtimalının yüksək sayıldığı və sürət həddinin tez-tez aşılması halları qeydə alınan yollarda yerləşdiriləcək. Radarlardan daxil olan məlumatlar avtomatik sistem vasitəsilə emal ediləcək, bu da qayda pozuntularının qeydiyyatında şəffaflığı artıracaq.
Rayon Polis Şöbəsinin DYPB-nin rəisi Rauf Əzimov bildirir ki, bu sistem həm də profilaktik təsir yaradır. Yəni sürücü artıq bilir ki, qayda pozuntusu “görünməz qalmayacaq”, nəticədə məsuliyyət hissi və intizam formalaşacaq.
Sürücülərin baxışı: “Cərimə yox, təhlükəsiz həyat üçün”
Layihə təkcə hüquq-mühafizə sisteminin deyil, eləcə də sıravi vətəndaşların diqqət mərkəzindədir. Biləsuvarlı sürücülər bu yenilikləri birmənalı şəkildə dəstəkləyirlər.
Təcrübəli sürücü Zahid Hüseynov düşünür ki, radarların quraşdırılması ilk növbədə hər bir yol iştirakçısının həyatını qorumağa xidmət edir: “Əvvəllər bəzən düşünürdük ki, radarlar yalnız cərimə üçündür. Amma indi anlayırıq ki, bu, bizim hər birimizin- yol hərəkəti iştirakçısının təhlükəsiz həyatı üçündür. Yolda bir nəfərin məsuliyyətsizliyi bir neçə ailənin faciəsinə çevrilə bilər. Bu texnologiyalar bizə məsuliyyətli olmağı xatırladır.”
Hüseyn Zalıyev, sürücü: “Təhlükəsizliyin təmin olunması təkcə polisə aid məsələ deyil. Bu, ümumi mədəniyyət göstəricisidir. Kameralar, radarlar hər kəsi qaydalara əməl etməyə çağırır . İnsan bilir ki, nəzarət var, deməli, öz davranışına cavabdeh olmalıdır.”
 Cavid Qurbanov, sürücü: “Son illər yollar təmir olunur, nişanlar yenilənir, indi də ağıllı nəzarət sistemi qurulur. Bu, Biləsuvarın simasını dəyişir. Texnologiyalar həyatımıza daxil olduqca, biz də daha təhlükəsiz və rahat yaşayacağıq. Həm də sürücülər arasında sözün yaxşı mənasında sürcülük mədəniyyəti tam formalaşacaq”
                         Standartlara uyğun yenilənən yollar
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Rayon Polis Şöbəsi birgə fəaliyyət göstərərək rayon yollarını kompleks şəkildə müayinə edib. Yolların nişanlanması, piyada keçidlərinin bərpası, xətlərin çəkilməsi və svetoforların texniki vəziyyətinin yenilənməsi “Yol hərəkətinin təşkilinin texniki vasitələri” dövlət standartına tam uyğun şəkildə həyata keçirilir.
Bu standart Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanıb və əsas məqsədi ölkə üzrə yol hərəkəti təhlükəsizliyinin səviyyəsini yüksəltmək, idarəetməni təkmilləşdirmək, eyni zamanda müasir texnologiyaları tətbiq etməklə “ağıllı nəqliyyat sistemi” qurmaqdır.
Rayonun mərkəzi və kənd yollarında aparılan bu işlər, piyada keçidlərinin ağ boya ilə bərpası, reflektor lentlərin çəkilməsi və yeni yol nişanlarının quraşdırılması həm sürücülər, həm də piyadalar üçün şəraitin yaxşılaşdırılmasına xidmət edir.
Biləsuvar Rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis kapitanı Rauf Əzimov qeyd edir ki, yeni nişanların yerləşdirilməsi zamanı əhalinin hərəkət vərdişləri, məktəblərə və bazarlara yaxın ərazilər, həmçinin intensiv nəqliyyat axınları nəzərə alınıb.
                               İctimai təhlükəsizliyin rəqəmsal mərhələsi
Rəqəmsallaşma artıq Biləsuvarın idarəetmə modelində də öz yerini tapır. İctimai asayişin qorunması sahəsində müasir texnologiyaların tətbiqi hüquq-mühafizə orqanlarının işini xeyli səmərəli edir. Kameralar vasitəsilə hadisələrin arxivləşdirilməsi, videoanalitika sistemlərinin tətbiqi və real vaxt rejimində məlumatların mərkəzə ötürülməsi cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. 
Bu, eyni zamanda vətəndaşların təhlükəsizlik hissini gücləndirir. İnsan bilir ki, yaşadığı mühit nəzarət altındadır, bu da cəmiyyətin sabitliyinə və rifahına müsbət təsir göstərir.
                              Layihənin sosial və psixoloji effekti
“Təhlükəsiz şəhər” layihəsinin təkcə texnoloji yox, sosial və psixoloji təsiri də danılmazdır. Bu sistem insanların bir-birinə və dövlət orqanlarına inamını artırır. Qayda pozanların dərhal aşkarlanması ədalət hissini gücləndirir, cəmiyyətin intizamlı davranış modelinə keçidini sürətləndirir.
Həmçinin psixoloqlar qeyd edirlər ki, belə layihələr ictimai davranışın tənzimlənməsində mühüm faktordur. İnsan artıq “görünməz nəzarət”in varlığını hiss etdikdə, öz hərəkətlərinə daha məsuliyyətlə yanaşır.
            Rayonun ümumtəhsil məktəblərində Yol hərəkəti təhlükəsizliyi ilə bağlı          maarifləndirici tədbirlər mütəmadi olaraq davam edir
15 sentyabr- Bilik günü münasibətilə təhsil ocaqlarında “Diqqət, uşaqlar!” aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair tədbirlər keçirilir. Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Rauf Əzimovun iştirakı ilə təşkil olunan görüşlərdə şagirdlərə piyada keçidlərindən düzgün istifadə, işıqforun tələbləri və yol nişanlarının mənası əyani şəkildə izah olunur.
Maarifləndirici materiallarla müşayiət olunan tədbirlərin əsas məqsədi uşaqlarda yol hərəkəti qaydalarına məsuliyyətli münasibət formalaşdırmaq, onların təhlükəsiz davranış vərdişlərini möhkəmləndirməkdir.
Biləsuvar rayonunda həyata keçirilən bu tədbirlər təkcə bir layihənin icrası deyil, bütövlükdə regionun gələcək inkişaf modelinin bir parçasıdır. Bu gün kameralar, radarlar və yenilənmiş yol nişanları quraşdırılırsa, sabah bu sistemlər süni intellekt əsaslı nəzarət modullarına keçid üçün baza rolunu oynayacaq.
Layihənin mərhələli şəkildə icrası nəticəsində gələcəkdə rayon ərazisində baş verən cinayət hallarının və yol-nəqliyyat hadisələrinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Ən əsası isə- bu sistem vətəndaşın təhlükəsizliyini prioritetə çevirən dövlət siyasətinin yerli səviyyədə uğurlu təcəssümüdür.
Biləsuvar artıq təkcə kənd təsərrüfatı potensialı ilə deyil, təhlükəsizlik və intizam modeli ilə də seçilməyə başlayır. “Təhlükəsiz şəhər” layihəsi bu günün yox, sabahın Biləsuvarını formalaşdırır- ağıllı, etibarlı və müasir bir şəhər modelini.
Rayonda aparılan bu dəyişikliklər dövlət siyasətinin mərkəzində dayanan “vətəndaş amili”nə xidmət edir. Kameralar, radarlar, nişanlar və rəqəmsal nəzarət sistemləri bir məqsədə yönəlib: insan həyatı, ictimai sabitlik və rahatlıq üçün.
Bu, həm də rayonun gələcək inkişafına doğru atılmış düşünülmüş, elmi əsaslara söykənən addımdır. Çünki təhlükəsizlik olmadan inkişafdan danışmaq mümkün deyil.