Geri qayıt Çap et

Yurdumun elm adamları bir arada: kitab təqdimatında səmimi görüş

Biləsuvarda doğulub-yaradan şair Səlamət Biləsuvarlının yeni, sayca altıncı olan – “Yurdumun elm adamları” kitabı artıq oxucuların ixtiyarındadır.

“Bilesuvarinfo” xəbər verir ki, kitabın təqdimatı Bakı şəhərində, Biləsuvarın elm dünyasında tanınan nümayəndələrinin iştirakı ilə keçirilib: “Hər kəsin üzündə doğma bir sevinc, söhbətlərdə Biləsuvar həsrəti duyulurdu. O gün orada elm haqqında deyilən sözlər, doğma yurda olan bağlılıqla birləşirdi. Kimi tələbəlik illərindən, kimi kənd məktəbində müəllimlərindən — bu səmimi söhbətlər tədbirə xüsusi bir ruh qatdı.


Çıxış edən ziyalılar kitabın əhəmiyyətini vurğulayıb müəllifi təbrik etdilər. Dedilər ki, “Yurdumun elm adamları” sadəcə bioqrafiyalar toplusu deyil — bu kitabda bir amal var: düşünmək, öyrənmək, öyrətmək və yurduna elm yolu ilə xidmət etmək.


Kitabın müəllifi Səlamət Biləsuvarlı isə çıxışında səmimi şəkildə bildirdi: “Bu kitab vasitəsilə elmə, ziyalılığa, bilik və zəhmətə olan hörmət hissini oxuculara çatdırmaq istəmişəm. Dəyər verən, diqqət göstərən hər kəsə səmimi təşəkkürümü bildirirəm.”


Qeyd edək ki, “Yurdumun elm adamları” üç bölmədən ibarətdir. Nəşrdə Azərbaycanın müxtəlif elm sahələrində çalışan biləsuvarlı alimlər, fəxri adlara layiq görülmüş ziyalılar, eləcə də kitab müəllifləri haqqında geniş məlumat toplanıb.

Kitabın redaktoru “Bilesuvarinfo” saytının baş redaktoru Surxay Şahbazovdur. Kitabda elm və təhsilin inkişafına töhfə vermiş şəxslərin həyat yolu, elmi nailiyyətləri və cəmiyyət üçün gördükləri işlər oxucuya həm məlumat, həm də ruh verir.